Bu yaxınlarda Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi açıqlamasında bildirib ki, psixoloji yardım özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərə aid olmadığından bu müəssisələrə nəzarət Analitik Ekspertiza Mərkəzinin səlahiyyət çərçivəsinə daxil deyil.
Faktdır ki, nəzəri biliklərsiz təcrübə peşəkarlıq göstəricisi ola bilməz. Ona görə təhsil vacibdir. Belə ki, indi psixoloji xidmət göstərən mərkəzlərdə ixtisaslı psixoloq tapmaq çətindir.
Sözügedən mövzü ilə bağlı AZXEBER.COM-a danışan təhsil eksperti Elşən Qafarov hesab edir ki, psixoloqlar mütləq sertifikasiyadan keçirilməlidir:
"Məktəblərdə psixoloq seçimi Nazirlər Kabinetinin 27 fevral 2020-ci il tarixli 70 nömrəli qərarı ilə uşaqların sayına görə aparılır. Məktəblərdə psixoloq ştatı yoxdur, ancaq liseylərdə, tam orta və gimnaziyalarda psixoloq ştatı var. Son illər imtahanla işə qəbul olunanlar psixologiya üzrə təhsil alanlardır. Vaxtilə məktəblərdə dərs saatı az olub, psixoloq ştatını ələ keçirmək istəyənlər 6 aylıq kursla psixoloq ixtisasına yiyələniblər. Son iki ildə ölkə üzrə məktəb psixoloqların işə qəbulu prosesi imtahan vasitəsilə həyata keçirilir. Onların qarşısına şərt qoyulur ki, baza təhsili Psixologiya üzrə olsun. Bununla da ixstisasını dəyişib, psixologiyaya gələnlərin sayı azalıb. Hazırda sistemdə ixtisasını dəyişib psixoloq olan şəxslər var. Düşünürəm ki, psixoloqların sertifikatlaşdırılmasının artıq vaxtıdır. Eyni zamanda məktəblərdə psixoloq kabinetinin olması artıq şərt olmalıdır. O cümlədən həmin otaqlar bütün avadanlıqlarla təmin olunmalıldır. Ölkə məktəblərində olan psixoloqların heç biri müvafiq avadanlıqlarla təmin edilməyib. Psixoloqların sertifikatlaşdırılmasına diqqət edilməlidir. Məktəb psixoloqlarının aldığı aylıq məvacib çox aşağıdır, bunun artırılması istiqamətində müəyyən addımlar atılmalıdır”.
Tanınmış psixoloq Gülnar Orucova AZXEBER.COM-a açıqlamasında bildirib ki, ölkədə hazırda kifayət qədər təcrübəsiz "psixoloq” fəaliyyət göstərir:
"Hər dönəmin özünün xüsusi peşələri olur. Məsələn, illər öncə sovetin dövründə rus dili müəllimi olmaq böyük peşə sayılırdı. İllər dəyişdi, artıq ingilis dili müəllimliyi, bir az da keçəndən sonra Azərbaycanda xəstə uşaqların sayı artdıqca, psixoloqlar və loqopedlər çox yaxşı pul qazanmağa başlayır, bundan sonra da bir çox insanlar psixoloq və ya loqoped olmağa başladı. İxtisası psixoloq, loqoped olmayan insanlar bəzi şirkətlər tərəfindən verilən 3 aylıq sertifikatları ilə xidmət göstərirlər. Biri var dövlət tərəfindən baza təhsili alırsan və dövlət sənə bu buna icazə verir ki, gedib çalışasan, biri də var ki, sənin təhsilini hər hansısa bir şirkət verir.
Türkiyədə son zamanlarda "Yaşam Koçu” adlı bir sahə açılıb buraya 450 azn verirlər, təlim alırlar, bundan sonra da özlərini "psixoloq” adlandırırlar. Bundan sonra həmin adamlar sosial media hesabları ilə reklam verərək öz səhifələrini, özlərini tanıdırlar, özlərinə ofis açırlar və insanları cəlb edirlər. 3 aylıq kurs keçənlər şükürlü olub, bir günlük həvəslə özünü psixoloq adlandıranlar da var. Onlarla bağlı ölçü götürülmür. Ölçü götürülmədikcə bu hallar daha da çoxalır. Bəziləri insanları, dövləti aldatdığına görə cəza almalıdır. Təəssüf ki, heç bir qurum bu şəxslərə nəzarət etmir.
Bir müddət öncə TƏBİB elan etdi ki, psixoloqlara ehtiyac var, müraciət etməyə adam yox idi, müharibə vaxtı getdilər xaricdən psixoloqlar gətirdilər. Bu qədər psixoloqun olduğu ölkədə yaşayırıqsa, TƏBİB niyə psixoloq axtarır? Niyə biz xaricdən psixoloq gətiririk? Çünki bizdə bu qədər psixoloq yoxdur. Çünki hər yerindən duran psixoloq olmağa qərar verir. Psixoloqların ali təhsil alması mütləqdir. Ali təhsili olmayan psixoloqlar onların yanına gələn pasientlərin əsl şikayətlərinin mənbəyini bilmədikləri üçün yanlış müalicə üsulları tətbiq etmiş olurlar”.
Ayşən Mirzəyeva