Məlum olduğu kimi, bu il ali təhsil müəssisələrinin müsabiqəsində 88 min 756 nəfər abituriyent iştirak edib. Onlardan 57 min 236 nəfər (o cümlədən 6461 subbakalavr) ali məktəblərə qəbul olunub.
İxtisas qrupları üzrə ümumilikdə 3 min 100-dən artıq boş yer qalıb.
Boş qalan yerlərə ixtisas seçimi isə avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Bəs, niyə bu il ixtisas qrupları üzrə məhz 3 min yer boş qaldı? Məgər, ali təhsil almaq istəyənlərin sayı azalıb, yoxsa bu plan yerləri sonradan dolacaq?
Əgər dolacaqsa, tam dolacaq, yoxsa yenə boş yerlər qalacaq?
Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi AZXEBER.COM-a açıqlamasında bu il Ali Təhsil Müəssisələrinə qəbul olmuş abituriyentlərin statistikasını təqdim edib:
"Nəzərinizə çatdırım ki, Ali Təhsil Müəssisələrinin müsabiqəsində iştirak etmək üçün ümumilikdə 90 min üzəri müraciət daxil olmuşdu və onlardan yalnız 88756 nəfər müvafiq müsabiqə şərtlərini ixtisas qrupları üzrə ödədiyi üçün müsabiqəyə qatılmışdı. Onların içərisində 57236 nəfər Ali Təhsil Müəssisələrinə qəbul aldı. Hazırda isə müvafiq olaraq ixtisas qrupları üzrə boş qalan yerlər formalaşıb, 1-ci ixtisas qrupu üzrə 1953 yer, onlardan 895-i dövlət sifarişi üzrə qalıb. Demək olar ki, ən çox plan yeri boş qalan yer 1-ci ixtisas qrupundadır. Sonrakı sırada 2-ci ixtisas qrupu gəlir, burada 293 yer boş qalıb, dövlət sifarişi üzrə isə ümumiyyətlə yer qalmayıb. Ondan sonrakı sırada əsasən gəlir 5-ci ixtisas qrupu, burada 289 plan yeri boş qalıb, onlar da 67-i dövlət sifarişi üzrə plan yerləridir. Ondan sonrakı sırada gəlir 3-ci ixtisas qrupu, burada 243 yer qalıb, onlardan dövlət sifarişi üzrə ümumiyyətlə yer qalmayıb.
Nəhayət, sonuncu sırada dövlət ixtisas qrupu gəlir ki, burada 225 boş qalan plan yeri var, onların da hardasa 103-ü dövlət sifarişli plan yerləridir. Ümumiyyətlə, ən çox plan yeri 1-ci ixtisas qrupunda qalıb. Buna da səbəb ondan ibarətdir ki, bu il kimya alt qrupu üzrə müvafiq müsabiqə şərtlərini ödəyən abituriyent sayı olduqça az idi və əlbəttə ki, o nöqteyi-nəzərdən kimya alt qrupu üzrə daha çox plan yeri 1-ci ixtisas qrupunda qalmaqdadır. Qeyd edim ki, burada abituriyentlərin məhz müsabiqədə iştirakçı sayına baxsaq, kifayət qədər çoxluq təşkil edib, sadəcə niyə kənarda qalıblar, seçimlərin düzgün aparılmaması və yaxud da ixtisaslar üzrə bağların daha artıq formalaşması və digər amillər təsir edib ki, nəticə etibarilə də 3000-dən çox plan yerində boşluq qalır".
Təhsil mütəxəssisi qeyd edib ki, həmin 3 min yer uğrunda 30 min abituriyent mübarizə aparacaq:
"Burada təhsil almaq istəyən abituriyentlərin say azlığını biz əsas götürə bilmərik. Çünki dediyim kimi, 90 min üzəri abituriyent Ali Təhsil Müəssisələrinin 1-ci, 2-cü, 3-cü, 4-cü qrup üzrə təxminən 10 min nəfərdən çox da 5-ci ixtisas qrup üzrə müsabiqədə iştirak edəcəyini qeyd etmişdi. Onlardan da 88756-sı müsabiqəyə buraxılmışdı və 62 mindən çox plan yeri uğrunda 57 min nəfərdən çox şəxs qəbul oldu. Sadəcə, hazırkı vəziyyətdə belə 3000 boş yer uğrunda kifayət qədər abituriyent mübarizəyə qatıla bilər. Ümumilikdə, nəzərə alsaq ki, dolan plan yerlərinin yəni 57336-ı plan yerləri olub, müraciət edən abituriyentlərin sayı isə 31520 nəfərdir. Təsəvvür edin ki, 30520 nəfər 3 mindən çox plan yeri uğrunda mübarizə aparacaq. Burada nəzərə alsaq, təxminən o deməkdir ki, 2-ci turda hər 10 nəfərdən 1 nəfərin qəbul olmaq ehtimali var. Əlbəttə ki, 2-ci turda 3 min yerin bizim fikrimizcə, ən azı 1500-1600-ü dolacaq, yerdə qalanlar isə təəssüf olsun ki, boş olacaq".