Birinci Qarabağ müharibəsində 3 övladı və həyat yoldaşı şəhid olan Narxanım Məmmədov təqaüdünə Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.
Bu haqda AZXEBER.COM-a o özü məlumat verib.
77 yaşlı Narxanım Məmmədova deyib ki, övladlarını və həyat yoldaşını birinci Qarabağ müharibəsində itirib:
"Biz Məmmədovlar ailəsi 8 nəfər ailə üzvlərimizlə birlikdə Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdıq. 1988-ci ildə məlum hadisələrdən sonra, böyük oğlum 1973-cü il təvəllüdlü Məmmədov Sərvər Məmməd oğlunu elimizdən-obamızdan didərgin düşən zaman şəhid verdim. Bir müddət sonra ailə üzvlərimlə bərabər Xocalı şəhərinə pənah gətirdik. Xocalı şəhərində əli silah tutanlar vətənin keşiyində durdular. 1992-ci il 25-dən 26-na keçən gecə Xocalı soyqırımı günü ailəlikcə ermənilərə əsir düşdük. 7 gün əsirlikdə qaldıq.
Ana Xocalıda da iki övladını və həyat yoldaşını itirib:
"İki oğlum və həyat yoldaşım şəhid oldu. Oğlanlarımın başlarını gözümün qarşısında kəsdilər. Bir ana üçün bundan ağır işgəncə ola bilməzdi. Digər övladlarım aldıqları güllə yaralarından fiziki sağlamlıqlarını itiriblər. Özüm isə kürək nahiyəmdən güllə yarası almışam. Bu gün Xocalının ağrı-acısını mən və ailəm daşıdığımız qədər kimsə yaşamaz.
Narxanım Məmmədova deyir ki, bu gün Ordumuzun uğurları onu xoşbəxt edir: Hər gün xəbərləri oxuyuram, Ordumuzla qürur duyuram. Mən də bir şəhid anası və şəhid həyat yoldaşı olaraq Ordumuza dəstək olmaq istədim və Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək oldum. Müharibə bitənə qədər də bu yardımı davam edəcəm. Allah ordumuzu və dövlətimizi qorusun.
Narxanım Məməmdova son arzusunu da açıqlayıb: "Həyatdakı son arzum Xocalıdakı evimizə gedib, həmin evin işığını yandırmaqdır".



