Məsələ ilə bağlı eksklüziv olaraq AZXEBER.COM portalına danışan BDU-nun İnformasiya və Texnologiya üzrə rəhbəri, İnformasiya Texnologiyaları (İT) mütəxəssisi Vüqar Yolçuyev bunun əsaslı səbəbləri olduğunu söyləyib: “Bunun səbəbi trafikdə olan yükləmələrdir. Nəzərə alaq ki, BDU-da 4000-ə yaxın kompyuter var və bu kompyuterlərdən gündə təxminən 500-ə yaxın insan istifadə edir. Onlardan təxminən 300-ü isə hər gün videolara baxır. Universitetdə kompyuterlərin quraşdırılmasının ən əsas məqsədi isə elmi işlərin icra edilməsidir. Buna görə də biz belə bir addım atmağa məcbur olduq”.
Məsələ ilə bağlı AZXEBER.COM portalı AMEA (Azərbaycan Milli Elmlər Akademiyası)-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevin mövqeyini öyrənib.
“Hər bir qurumun istifadəçi siyasəti var. Bu beynəlxalq təcrübəylə qəbul edilmiş bir sistemdir. Təbii ki, insanlar öncə mühiti nəzərə almalıdırlar. Əgər universitet sırf təhsillə bağlı bir yerdirsə bu zaman istifadəçi siyasətində yanlışlığa yol vermək olmaz. Hər kəs bu istifadəçi siyasətinə tabe olmalıdır. Bir işçi və ya bir müəllim elmi işlə məşğul olmağın yerinə açıb “YouTube”da və ya digər portallarda serialları izləyirsə bu artıq həmin qrumun istifadəçi siyasətinə ziddir. O, öz şəxsi interneti ilə istədiyini edə bilər. Universitetin bu imkanlarından yalnız elmi araşdırmalar üçün istifadə etmək lazımdır”.