İTV və "Eurovision" (KÖŞƏ)

İTV və "Eurovision" (KÖŞƏ)
KÖŞƏ
13:08 09.06.2011
2313

Hər il Avropa ölkələri arasında keçirilən mahnı müsabiqələrinin içərisində ən məşhuru –“Eurovision”dur. Eurovision tarixi 1956-cı ildən başlayır. İlk dəfə 1956-cı il 24 may tarixində İsveçrənin Lugano şəhərində reallaşdırılan gecədə Hollandiya, İsveçrə, Belçika, Almaniya, Fransa, Lüksemburq və İtaliya yarışdılar. Gecənin birincisi Lys Asslanın söylədiyi “Refrain” mahnısı ilə İsveçrə oldu.

Almaniyanın Düsseldorf şəhərində bu il 56-cısı keçirilən Eurovisionun qalibi Azərbaycan oldu. Azərbaycanı təmsil edən Ell&Nikkinin ifa etdiyi “Running scared” romantik balladası bütün Avropanı heyran etdi və birinciliyi Odlar Yurduna gətirdi. Həmin gün birincilik elan olunan zaman Nigar Camalın səhnəyə Türkiyə bayrağı ilə çıxması da bütün türk dünyasına jest olması ilə yanaşı, həmçinin uzun müddət diqqət mərkəzində qaldı.

Qələbə sevinci ilə ölkəyə qayıdan Eldar Qasımov və Nigar Camal burada böyük sevinclə qarşılandı. Minlərlə insanın, mədəniyyət xadimlərinin, şou-biznes nümayəndələrinin təbrikləri ilə yanaşı şəxsən prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da onları qəbul edib təbriklərini çatdırdılar.

Azərbaycanda Eurovisionun tarixi 4 il bundan əvvəldən başlayır. İlk dəfə qatılanda Azərbaycan Elnur və Samirin “Day after day” mahnısı ilə, şeytan və mələk obrazında təmsil olundu və 7(8 )–ci yerə çıxdılar. Ondan sonrakı il Aysel və Araş “Always…” mahnısı ilə təmsil edərək 3-cü yerə, keçən il isə gənc müğənni Safura Əlizadənin ifasında “Drip Drop” mahnısı ilə 5-ci yerdə qərarlaşdı . Bu il isə Ell and Nikkinin ifasında “Running Scared” mahnısı ilə qalib olduq. Yarışmaya qatılmağımızın dördüncü ilində irəliləyə-irəliləyə birinciliyə çatmağımız həqiqətən böyük uğurdur.

  Ictimai televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədlinin bu qələbəyə gətirən yola və qələbəyə fikrini öyrəndik: ” Hər şey İctimai televiziyanın Azərbaycanda mövcudluğundan və Avropa Yayım Birliyinə(EBU) qəbul olmasından başlayır. Biz 2007-ci ildə Avropa yayım birliyinə üzv olduq.EBU-dakı 70 ölkədən fərqi olaraq, İctimai televiziya yaranmasından cəmi 2 il sonra - 2007-ci ildə oraya üzv oldu. Bundan sonra İctimai televiziyanın rəhbəri İsmayıl Ömərov EBU-da bir ideya irəli sürdü ki, Azərbaycan İctimai televiziyası Eurovision mahnı müsabiqəsinə qatılsın. Və bu qəbul olundu. Bundan sonra Eurovisiona hazırlaşmağa başladıq. Biz 5-ci , 3-cü, bu il isə nəhayət ki birinci olduq. Bu. Biz heç vaxt onluqdan aşağı düşməmişik. Eurovisionda qələbədə bir neçə təşkilatın xüsusi rolu var. Bunlar Heydər Əliyev fondu, Gənclər və İdman Nazirliyi və İctimai televiziyadır. İfaçıların kostyumları, səhnə dizaynı, repetisiyası, hazırlığı, məşqləri, mahnı və s. kimi məqamlarda iqtisadi cəhətdən ölkənin birinci xanımı, Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın çox yaxından dəstəyi oldu. Digər işlər isə İtv-nin fəaliyyəti çərçivəsində oldu. Bir neçə ay öncə İctimai televiziyada seçimlər keçirildi, həftələr boyu onlarla namizəd arasından ən uyğununu seçmək üçün qızğın mübahisələr oldu və son nəticədə Eldar Qasımov və Nigar Camal təmsilçilərimiz olaraq seçildi. Bundan sonra da işi davam etdirən İTV mahnı seçimindən sonra məşqlərdə, hazırlıq prosesində iştirak etdi və qalibiyyətdə rolu çox böyük oldu. Prezident Eldar və Nigarı qəbul edəndə adını çəkdiyi 3 təşkilatın içində İctimai Televiziyanın da adı var idi. 

Bizim cütlük öz avropasayağı qiyafələri, görünüşü, artistizmi ilə qələbə çaldılar. Bu çox böyük qələbə idi. Təmsilçilərimiz Avropa qiyafələrində, Avropa stilində mahnılarında, hətta Avropalılar kimi görünüşlərilə onlardan fərqlənmədi və qələbə qazandı. Bu qələbəyə görə gələn il Ermənistanın müsabiqədən imtina etməsi də ikinci sevindirici haldır. Mən sizin hamınızı təbrik edirəm, çünki bu gənclərin və gəncliyin qələbəsi idi.”

Bəli, artıq qələbədən sonra gələn il “Eurovision” un paytaxtda keçirilməsi üçün hazırlıqlara başlanılıb. Gələn il Odlar Yurdu Azərbaycan bütün Avropanı Paytaxtında qarşılayacaq.

ÜLKƏR ELDARQIZI, 

BDU Jurnalistika fakültəsinin tələbəsi  

OXŞAR XƏBƏRLƏR