Hindistanda 1992-ci ildə dağıdılan məscidin yerində tikilən hindu məbədi ölkədəki müsəlmanların böyük reaksiyasına səbəb olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirin iştirakı ilə keçiriləcək Ram məbədinin açılışı ölkədə hindularla müsəlmanlar arasında yeni gərginliyin yaranmasına səbəb olub.
Məbədin açılışı bu ilki seçkilər öncəsi hindu seçicilərini birləşdirmək məqsədi daşıdığı halda, müxalifətin boykotları və Hindistanın müsəlman əhalisinin reaksiyası ölkədə illərdir mövcud olan gərgin gündəmi yenidən alovlandırıb.
1992-ci ilin dekabrında radikal hindular 400 ildir eyni yerdə dayanmış məscidi dağıdıblar və Hindistanda əsasən müsəlmanlar olmaqla 2000 nəfərin ölümünə səbəb olan şiddətli iğtişaşlara səbəb olublar. Sağçı qruplar hinddilli Uttar Pradeş əyalətinin Ayodhya şəhərində 50 metrlik Ram Məbədinin açılışı üçün dəvətnamələr paylayıblar.
Hindistanın Baş naziri Narendra Modinin bu gün tarixi ərazidə açılışını edəcəyi hindu məbədi üçün 298 milyon avro xərcləndiyi öyrənilib. Bu açılışı etməklə Modinin seçkilərdə dördüncü müddətə qalib gəlmək şansını gücləndirəcəyi gözlənilir.
Hindu dini rəsmiləri arasında açılışı boykot edənlərin olduğu bildirilsə də, ana müxalifət Konqres Partiyası regional qrupla birlikdə həm dindarların, həm də digər ziyarətçilərin qatılacağı tədbiri boykot etmək qərarına gəlib. Konqres sözçüsü Pavan Khera "Mənimlə Allahım arasında vasitəçiyə ehtiyacım yoxdur” deyərək andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.
Müsəlmanlar bildirirlər ki, hazırda dini hücumlar nadir olsa da, BJP Dehlidə hakimiyyətə gəldikdən sonra cəmiyyətdə ayrı-seçkilik davam edir və bu vəziyyət ölkənin əksər ştatlarında müşahidə olunur.
Mikayıl