Onun sözlərinə görə, layihənin əsas məqsədi əlil və kimsəsiz uşaqların tibbi problemlərini həll etməklə, sağlam gəncliyin cəmiyyətimizin sağlam gələcəyini qurmasına şərait yaratmaqdır. Məqsədə nail olmaq üçün internat məktəbində yaşayan kimsəsiz uşaqların ilkin olaraq tibbi müayinəsi həyata keçiriləcək, ehtiyac duyulduğu halda müalicə və cərrahi yardımlar göstəriləcək.
“Layihəyə ilkin olaraq, Saray qəsəbəsində 7 saylı, Şağan qəsəbəsindəki 3 saylı internat məktəblərində, Ramana qəsəbəsindəki gənc əlillər evində, Buzovnada 13 saylı internat məktəbində olan kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar cəlb olunacaq”.
Z.Quliyeva qeyd edib ki, həmçinin yuxarıda adı çəkilən bütün müəssisələrdə cinsi və reproduktiv sağlamlıq haqqında təlimlər keçiriləcək.
“Bununla onların şəxsi gigiyena, sağlam qidalanma, cinsi yolla yoluxan xəstəliklər, ailə planlaşdırılması barədə məlumatsızlığı aradan qaldırılacaq”.
Təqdimatı sabah baş tutacaq layihənin reallaşmasında baş sponsor kimi “Ernst&Young” şirkəti çıxış edir. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Norveç Humanitar Müəssisəsi, Core Xeyriyyə Fondu, tərəfdaşlar kimi isə “Uniklinika”, “Dental House”, CCP (Casrian Comros Proyect), Dalida, “Gallery”, “Vinni Kulinariya” layihəyə dəstək verir.