“4 mövsüm Qrız” - “Alternativ” İB yeni layihəyə start verdi - FOTOLAR

“4 mövsüm Qrız” -  “Alternativ” İB yeni layihəyə start verdi - FOTOLAR
SOSİAL
16:30 28.07.2025
149
Qubada qadınların turizm təşəbbüslərinə dəstək verilir

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi Dövlət Turizm Agentiyinin dəstəyilə "4 mövsüm Qrız” -  "Qrız kəndində turizm yönümlü fəaliyyətlərdə qadınların dəstəklənməsi” layihəsinin icrasına start verib. Bununla bağlı Qrız kəndində layihənin təqdimat mərasimi keçirilib.

İctimai Birliyin sədr müavini, layihə rəhbəri Jalə Quliyeva tədbirdə çıxış edərək bildirib ki, layihə Quba rayonunun Qrız kəndində qadınları turizm yönümlü fəaliyyətlərə cəlb etməyi nəzərdə tutur: "Layihə Qrız kəndinin unikal mədəni irsini və adət-ənənələrini təbliğ etməklə yerli iqtisadiyyatı dirçəltmək, qadınlar üçün məşğulluq imkanları yaratmaq və kəndi turistlər üçün dayanıqlı və cəlbedici məkan kimi tanıtmaq məqsədi daşıyır.

Qrızlı qadınlar davamlı turizm, qonaqpərvərlik, ənənəvi əl işləri və yerli mətbəx kimi sahələrdə təlim proqramları vasitəsilə praktiki biliklərlə təchiz ediləcək. Təlim iştirakçılarına fərdi biznes planları hazırlamaq və marketinq strategiyası həyata keçirmək üçün dəstək veriləcək”.

Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi Mübariz Rüstəmov, Quba Regional Turizm İdarəsinin baş mütəxəssisi Azər Səfərov, turizm mütəxəssisi, təlimçi ekspert Vüqar Dərgahov, kənd sakinləri tədbirdə çıxış edərək Qrız kəndinin zəngin turizm potensialına sahib olduğunu və yerli sakinlərin, xüsusilə qadınların turizm sahəsində bilik və bacarıqlarının artırılmasına ehtiyac duyulduğunu vurğulayıblar. Natiqlər qeyd edib ki, bu kimi layihələrin icrası yerli və xarici turistlərə daha keyfiyyətli və çoxçeşidli turizm xidmətlərinin göstərilməsinə, irəli sürülən biznes təşəbbüsləri isə kəndin turistik məkan kimi tanınmasına böyük töhfə verəcək. Daha sonra qadınlara "Kənd turizmi anlayışı, növləri və fəaliyyət sahələri” mövzusunda ilk təlim keçirilib. Sual-cavab sessiyası olub, təlim iştirakçılarını maraqlandıran mövzularda müzakirələr aparılıb. 3 ay davam edəcək layihənin sonunda təlim iştirakçılarına sertifikatlar veriləcək.

 

 

 

 

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR