"44 günlük haqq savaşımız"

"44 günlük haqq savaşımız"
SİYASƏT
10:22 06.11.2021
950
Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan tarixinin ən böyük diplomatik qələbəsini təsdiq edən gündür. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.

Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə Paşinyan kapitulyasiya şərtlərinə razılığını verdi.

8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı görkəmli tarix, 28 illik həsrəti 44 gün müddətində bitirən müzəffər ordu. Bu müddət ərzində millətimiz daim vətən həsrəti, sevgisini ürəyində daşıdı, cənab İlham Əliyevə arxalandı və qələbə qazandı. Bir sözlə, "Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi.

Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev sübuta yetirdi ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik. Şanlı qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır.

Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və dövlət başçısının imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Və bu gün qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi.

Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.

Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləmişdir. Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirdi. Çünki Azərbaycanın işi haqq işi idi. Bu işi ilk gündə olduğu kimi bu gündə dəstəkləyən öz fikrini açıq şəkildə bütün dünyaya bəyan edən Türk Cümhuriyyətinin rəhbəri Rəcəb Tayyib Ərdoğannın Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olunan paradda səsləndirdiyi bu fikirlər bizim qardaşlığımızın bariz nümunəsidir. "Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuz, dərdi, ağrısı, problemi bizim problemimizdir. Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik.”

İkinci Qarabağ müharibəsi başladığı ilk saatlardan etibarən Azərbaycan istiqamətində öz qəti mövqeyini bəyan edən Türkiyə Respublikasının istər rəsmi dairələri, istərsə də Türkiyə ictimaiyyəti siyasi və diplomatik dəstəyini davam etdirmişdir.

Bu tarixi qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, bütün stereotipləri dağıtdı! Xalqın inamını özünə qaytardı.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qurulan güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Naftalan şəhər sakini Səbuhi Qasımov
OXŞAR XƏBƏRLƏR