"Wall Street-i işğal et" hərəkatının sonuncu düşərgəsi dağıdılıb
«Wall Street-i işğal et» hərəkatının təsiri altında olan Boston sakinlərinin təşkil etdiyi etiraz aksiya dağıdılıb. Ötən gün Boston polisi nümayişçilərin etiraz düşərgəsini tamamilə dağıdıb. Həmin düşərgədə sentyabrın sonlarından 150-dən çox adam yaşayırdı.
Polis düşərgəyə yaxınlaşanda, etirazçılar əl-ələ tutaraq onların qarşısını almağa çalışıblar. Polisə ən çox müqavimət göstərənlər həbs olunub. 46 nəfərin saxlandığı bildirilir. Xəsarət alan olmayıb. Çadır düşərgəsinin sökmə əməliyyatı 1 saatdan çox davam edib.
Bununla da, Boston sosial ədalətsizliyə etiraz məqsədilə formalaşan «Wall Street-i işğal et» hərəkatının düşərgəsinin dağıdıldığı sonuncu Amerika şəhəri olub.