Allahın ona nəsib etdiyi ömür yolunda keçdiyi acılı-şirinli günləri kinolenti kimi gözü önündə canlandırır. Hələ uşaq ikən "Heç vaxt başıaşağı olma” deyən atasının ona etdiyi nəsihəti həyatı boyu unutmayan, hər zaman başını dik tutan, zəhməti ilə qürurlanan jurnalist, ömür kitabını vərəqlədikcə, gah doluxsunur, gah da, fəxarətdən gözləri parıldayır. Deyir, bəlkə də ömrümün ən azı on ilini silib atardım, bəlkə də çoxunu… Yaşadıqları ona hərdən "kaş ki, heç dünyaya gəlməyəydim” dedirtsə də, qazandıqları da itirdiklərindən az olmayıb. Hamar olmayan daşlı-kəsəkli həyat yollarında özü-özünə dəstək olmağı bacarıb.
50 illik yubileyini qeyd edən Qarabağ qazisi, tanınmış jurnalist Nahid Canbaxışlının Yenicag.az-a müsahibəsini təqdim edirik:
– Necəsiniz, doğum gününüzdə hansı əhval-ruhiyyədəsiniz?
– Doğum günümdə daha çox dünənə baxıram ki, yəni 50yaşa gəlib çatmışam, həyatım çox keşməkeşli olub.
– Bu yaxınlarda bir fikir qarşıma çıxdı; araşdırma nəticəsində bəlli olub ki, britaniyalılar 50 yaşda ömrün ən xoşbəxt dövrünü yaşayırlar. Necə düşünürsünüz, 50 yaşda ömrün xoşbəxt dövrünü yaşamaq mümkündür?
– Mümkündür, baxır hansı hansı həyat tərzini yaşamısan, hansı çətinliklərdən keçmisən… Ola bilər, insan 50 ildə hər hansı bir çətinlik çəkmədən bu yaşa gəlib çatsın. Əziyyətli də olanda və qürurverici şeylər olanda, dönüb geri baxanda sevinirsən.
– Həmkarınız Rauf Arifoğlu müsahibəsində belə bir fikir səsləndirmişdi: "50 yaş bəziləri üçün yeni mərhələnin başlanğıcı, bəziləri üçün həyatın ortası, bəziləri üçün sonudur. Mənim üçün isə 50 qocalığın uşaq yaşıdır”. Bəs sizin üçün 50 yaş ömrün hansı pilləsidir?
– Mənim üçün 50 yaş ömrün yeni bir vərəqidir. Bundan sonra oraya nə yazılacaqsa, hamısını 50 yaşlı Nahid yazacaq. Əvvəlini 50 yaşa qədər olan gənc Nahid yazıb. Artıq ağsaqqal bir dövrə gəlib çatmışıq. Təkmilləşmiş, həyatın çəktinliklərini görmüş, bir çox sevincini yaşamış Nahid var. Artıq müəyyən qərarlarda bir az geriyə çəkilib, anındaca, tez-tələsik qərar verməyən Nahid olmayacaq. İstər şəxsi həyatımda, istər iş, ictimai həyatımda artıq müəyyən qədər səbirli və təmkinli bir yol başlayacaq.
– Həyatınızda "kaşkilər” çox olub?
– Kifayət qədər çox olub. Demişəm, "kaş ki, bunu etməyəydim, onu etməyəydim”… Başıma nə gəlibsə, hamısı canıyananlıqdan gəlib. Özümü tərifləmək istəmirəm, amma humanist insanam, bir işi görəndə və onun qarşılığını görməyəndə onda "kaşkilər” başlayır. Bəlkə də bu Allahın mənə verdiyi müsbət bir xüsusiyyətdir ki, "sən et, eybi yox, balıq bilməsə də, xaliq bilər misalı”… "Kaşkiləri” artıq sonradan oturub fikirləşirsən ki, "bəlkə bunu etməyəydim, çünki bunu etdim başıma bu iş gəldi”. Amma yəqin ki, bundan sonra kaşkilərim olmaz.
– Bəzi insanlar var ki, deyir, həyatımda elə mərhələlər olub ki, onları silib atardım. Sizin də ömrünüzdən silib atmaq istədiyiniz illər varmı? Yoxsa yaşadığınız acılı-şirinli günlərə eyni gözlə baxırsınız?
– Var, çoxdur. Bəlkə də ömrümün on ilini silib atardım, bəlkə də çoxunu. Çünki yaşadıqlarım mənə hərdən kaş ki, heç yaşamayaydım, dünyaya gəlməyəydim dedirdir. Amma həyatdır, şükür etməyi də bilməlisən. Onları yaşamalıyam ki, həyatda qalmağı bacarım. Həyatda həmişə özüm özümə dəstək olmuşam, özüm öz işimi qurmuşam. Olmayıb, həyatda qalmaq üçün başqa işlərə əl atmışam. Bir söz var: yemək üçün yaşayasan, bir də var yaşamaq üçün. Mən günlərlə yemək yeməsəm də, yadıma düşməz. Amma etdiyin bir yaxşılıq varsa, hər dəqiqə gözümün önündədir ki, nə yaxşı mən bu yaxşılığı etməyi bacardım.
– Onda demək olarmı ki, bəzi insanlar taledən şanslı, naxışlı doğulur, amma siz daha çox zəhmətinizə borclusunuz…
– Mən taleyimdən narazı olmuşam. Mənim taleyim əndrabadi tale olub. Uşaqlığım da əndrabadi olub. Hərdən demək istədiyim, amma deyə bilmədiyim çox şeylər var. İndi də deyə bilmirəm. Bu, mənə çox çətinlik verir.
– Bunu heç kimlə bölüşmürsünüz?
– Yalnız özümlə bölüşürəm. Axı niyə belə gəlməliydim dünyaya? Yaxud da niyə mən? Elə olub çəkilmişəm dəniz kənarına, saatlarla özümə suallar verib, özüm-özümlə danışmışam.
– Bəlkə də kiminləsə bölüşsəydiniz, yüngülləşərdiniz… İnanmamadığınız üçün kiminləsə bölüşməmisiniz?
– Bu gün elə şeylər var ki, onu həyat yoldaşımla bölüşürəm. Onun psixoloji baxımdan dəstəyini alıram. Amma elə şeylər də olur ki, içimdə saxlayıram, saxlayıram, məcbur olub özümlə danışıram. Elə şeylər var, bölüşə bilmirəm, Deyirəm, görəsən, hansı reaksiya ilə qarşılaşaram, hansı mimikalar yarana bilər? Fərq etməz bu ailəm olsun, ya dostum. Mənim həyatda dost deyib bölüşə biləcəyim tək-tük adam var. O da ki, bilirəm sirr saxlamağı bacarır.
– Yeri gəlmişkən, dostlarınız çoxdur, ya düşmənləriniz?
– Bunu övladlarıma da deyirəm, mən süfrəsi açıq adamam. İstəyirəm ürəkdən istədiyim adamlar evimə gəlib-getsinlər. Amma dost dediklərim azdır. Dostun çox olması yaxşı hal deyil. Hamı dost ola bilməz. Qardaş kimi mehribanlıq göstərdiyin başqa bir şeydir, dost dediyin başqa. Dost anlamında o artıq sənin ailənin içinə girir. Dostlarımın ailəsi mənim ailəmdir. Onların ayağına dəyən bir daş məni incidir, sızlayıram. Bilmirəm, onlar mənə qarşı necədirlər, amma mən beləyəm.
– Haqsızlıq önündə susduğunuz məqamlar çox olub?
– Olub, bu, məcburi susmaqdır. Bu gün də var belə məqamlar. Şəxsi həyatda, işdə də məcburiyyətdən susursan, bəlkə də elə belə yaxşıdır.
– Ömrünüzün hansı mərhələsi üçün daha çox burnunuzun ucu göynəyir, darıxırsınız?
– Uşaqlığımın bir mərhələsi var, Allah ölənlərinizə rəhmət eləsin, mən nənəmlə böyümüşəm. Məni ata nənəm böyüdüb, bir də atamın əmisinin yoldaşı olub. Seyid qızı Şövkət, bu gün onun adını bacım daşıyır. Onlar üçün, ağsaqqallarım. Ağbirçəklərim üçün darıxıram. O epizod daima mənimlədir. Səhvim olanda biri danlayanda, o biri qucaqlayırdı ki, uşaqla işin olmasın. Nüsrət Kəsəmənlini o qədər çox sevirdim, onun bir şeri var "Bizim evdə biri vardı, biri yox”. Məndə həmişə biri olub, biri olmayıb. Uşaqlığımın bir hissəsi var ki, onun üçün darıxıram.
– Bəs balaca Nahid necə, sizinlə bərabər yaşlandı, yoxsa hələ də uşaq kimi içərinizdən boylanır?
– Boylanır, çünki boylanmasa, irəliyə baxa bilmərəm.
– Onun baxışları nə deyir sizə? Daha çox qınayır, yoxsa təşəkkür edir?
– Yox, qınamır, deyir, sən bunu yaşamalıydın. Yaxşıları da, pisləri də, acıları da…. Sınaqlara çəkilməliydin, mən sənə baxıram və deyirəm ki, qorxma, irəli get. Hərdən elə o balaca Nahidlə danışıram.
– O balaca Nahiddən daha çox hansı sözü umursunuz, gözləyirsiniz ki, desin və sizə güc versin?
– Mən bunu etiraf edim ki, 16 yaşıma qədər ad günü keçirməmişəm, ad günüm olmayıb. Doğum günlərimdən birində heç nədən xəbərim yox idi. Qapını açıb içəri girəndə fişəng, şar partlaması gördüm. Bütün ailə yan-yana idilər. Həmin vaxt balaca Nahid içimdən boylandı və baxdım ki, o da gülür, mən də. O sevinci mənə yaşadan ailəm idi. Çətindir danışmaq, dönüb o Nahidə baxa bilmirəm. Mən daha çox həyatımı 1995-ci ildən bu yana qurmuşam.
– Elə bir məqam olubmu ki, balaca Nahidin qarşısında utanmısınız?
– Heç vaxt. Mən, ümumiyyətlə, ailəmi, valideynlərimi utandıracaq heç bir addım atmamışam və atmaram da. Övladlarıma da deyirəm. Atam mənə zəng edəndə, yatmış olsam belə, istər-istəməz ayağa qalxırdım. Özümdən böyüklərə, xüsusən də valideynlərimə hörmətlə yanaşmışam. Atamın mənə bir sözü olub ki, "heç vaxt başı aşağı edən addımlar atma”. Özümə söz vermişəm ki, heç bir zaman bu hal, olmayacaq da. Bu yaşıma qədər başımı aşağı dikəcək addımım olmayıbsa, bu gündən sonra da olmayacaq.
– Tale bir şans versəydi, ya xəyalı bir görüşdə atanıza hansı sözü deyərdiniz, hansı ki, o kəlmə içinizdə bir nisgil olaraq qalıb ki, kaş vaxtında deyəydim, amma deyə bilmədim…
Mən həm atama, həm anama onu deyərdim ki, niyə mənə vaxtında zaman ayırmamısınız. Atam çox zəhmli adam idi, onun gözünün içində baxa bilməmişəm. Məni qucağına alsın, başımı sığallasın, əzizləsin – belə ata olmayıb. Daha çox zəhmi ilə yadımda qalıb. İndiki uşaqlara baxanda, deyir, niyə mənə elə baxırsan. Biz bir baxışla yerimizi bilirdik, o baxış bizə hər şeyi deyirdi. Həm atama, həm anama suallarım çoxdur. Birinci sualım deyərdim: mənə niyə çox vaxt ayırmadınız.
– Həyatınızı jurnalistikaya bağladınız. Eyni zamanda, Vətən sevdalısıydınız. Torpaqlarımız erməni vandallarından xilas etmək üçün canınızı sipər etdiniz…
– Hamımızın borcu idi. 8-ci sinfi bitirib Bakıya peşə məktəbinə gəldim. Oraya daxil olanda müharibə də gedirdi. Cəbhədən gələn xəbərlər, şəhidlər… 1991-ci ildə könüllü olaraq Qarabağda gedən döyüşlərə qatıldım. Əvvəlcə Zəngilanda, sonra isə Xocavənd rayonunun Muğanlı özünümüdafiə batalyonuna qoşuldum. O, 1992-ci il sentyabrın 6-sında Füzuli rayon Divanalılar kəndi uğrunda gedən döyüşlərdə ağır yaralandım. Bir ilə yaxın əlil arabasında gəzdim.
– Və Ulu öndər sizi sağalmaq üçün Türkiyəyə göndərdi…
– O dövrdə Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri idi. Ona məruzə olunmuşdu ki, yaralanan qazilərin müalicəyə ehtiyacı var. Gördüm, Ali Məclisdən zəng gəldi, çağırdılar, getdik, görüşdük. İlk dəfə Ulu öndəri onda gördüm. Mənə dedi ki, "səni Türkiyəyə göndərəcəyəm, müalicə olunacaqsan, qayıdacaqsan, hələ səni oxutduracağam da”. 9 aya yaxın Türkiyənin Ankara Dövlət Xəstəxanasında müalicə olundum. Mərmi parçaları zəhərli olduğundan sağ ayağımda çürümə gedirdi. Ayağımda 8-ə yaxın damar dəyişdirildi. Sağalandan sonra gəldim Bakıya test imtahanına hazırlaşırdım. Həm də Bakı Dövlət Universitetini yazmışdım. Amma balım az olduğu üçün 1995-ci ildə Bakı Asiya Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil oldum. 2000-ci ildə həmin universiteti bitirdim. Ali təhsil aldığım müddətdə Qarabağ Əlillər Cəmiyyətinin Səbail rayon şöbəsinin sədr müavini oldum. Sonra Yunus Oğuzun rəhbərlik etdiyi "Azərbaycanın bütövlüyü uğrunda” Cəmiyyətində ictimai fəaliyyətimi davam etdirdim. Həmin dövrdə 1997-ci ilə qədər "Olaylar” qəzetində müstəqil şəkildə vətənpərvərlik mövzusunda məqalələrlə çıxış etdim. Bir də tarixçi Atamoğlan Məmmədovun dəvəti ilə Azərbaycan Televiziyasının Cənubi Azərbaycan verilişində "Bütöv azərbaycançılıq mövzusu”nda çıxışlar edirdim.
– Və jurnalistikada ilk iş yeriniz "Rezonans” qəzeti oldu…
– Bəli, ilk rəsmi işim "Rezonans”dan başladı. Siyasət və sonradan iqtisadiyyat şöbəsinin müdiri oldum. Sonra "Həftəiçi” qəzetində parlament müxbiri, "Olaylar”da İqtisadiyyat Nazirliyində akkreditasiya olunmuş jurnalisti olmuşam. Eyni zamanda Xarici İşlər Nazirliyinin akkreditasiya olunmuş jurnalisti olmuşam. 2012-ci ildən də "Vətəninfo.az İnformasiya Agentliyi” MMC-ni təsis etdim və hazırda da rəhbərlik edirəm.
– Zəhmətiniz dövlət tərəfindən də qiymətləndirilib. Ölkə Prezidentinin sərəncamı ilə evlə təmin olunan jurnalistlərdən birisiniz…
– O an başqa bir şeydir. Başqa heç bir ölkədə belə hal yoxdur ki, jurnalistə ev verilsin. O sevinci yaşayan 256 media nümayəndələrindən biri olmaq, əlbəttə ki, sevinclidir. Mənim birotaqlı evim var idi. 16 kvadrat evin içində uşaqları böyütdüm. Evimin pəncərəsi jurnalistlər binasına açılırdı. Həmişə deyirdim, "Allahın izni ilə yəqin ki, mən də oradan ev alaram”. Səhər-axşam o pəncərədən həmin binaya baxırdım. Komissiya müəyyənləşdi, sənədlər uyğun gəldi, cənab Prezidentin gözəl imzasına layiq olan jurnalistlərdən biri oldum. Mən, ümumiyyətlə, dövlətin övladıyam. Qarabağ qazisi kimi verilən birotaqlı ev, eyni zamanda, Jurnalistlər binasında verilən ev – dövlətin sayəsində bunlara nail olmuşam. Cənab Prezidentə təşəkkür edirəm. Bu il həm də mətbuatın 150 illiyidir. İnşallah, digər evi olmayan media nümayəndələri də evlə təmin olunsunlar. İsti ev başqa bir şeydir…
– Övladlarınız peşənizi davam etdirmədi, özünüz istəmədi, ya özləri?
– Əvvəl can atdım ki, istəsinlər. İndiki gənclik başqa cürdür. Əziyyət çəkmək istəmirlər. Daha çox pul qazanmaq istəyirlər. Qızım Bakı Slavyan Universitetində ibtidai sinif müəlliməliyinin sonuncu kursunu bitirib. Bir oğlum İdman Akademiyasını bitirib. Uşaqlar hərəsi öz yolunu seçir, bizə düşən onlara dəstək verməkdir. Mən də bacardıqca, dəstək oluram. Olmayanda da olmayır. Sadə Azərbaycan vətəndaşıyam. Durub hansısa qapını döyəndə biri "hə” deyirsə, bir də "yox” deyir.
– Jurnalistikanın hazırkı durumunu necə qiymətləndirirsiniz?
– Jurnalistika getdikcə təkmilləşir. Əvvəl qələmlə yazardıq, müsahibələrə gedərdik, indi elə deyil. İndi texnologiya inkişaf edib Telefonla canlı yayın edib müsahibə almaq olar. Bizim dövrümüzdə başqa idi. Bir dənə bloknotumuz, qələmimiz, diktofonumuz var idi, qapı-qapı düşüb müsahibələr alırdıq. Amma indi elə deyil. Müxtəlif platformalar çoxalıb. Bu, medianın inkişafına nə qədər təsir edir, bunu mütəxəssislər daha yaxşı bilir. Jurnalistikaya əmək haqqı almaq üçün baxacaqsansa, çətindir. Ona sənət kimi də baxmaq lazımdır. Bu sənətə gəldim, bunun əziyyətləri də var. Biz aylarla pul almamışıq. Amma oradan yorulmamışıq, işləmişik. Vəli müəllim deyirdi ki, bu ay əməkhaqqını birinə vermişik, gələn ay o birinə. Növbə gəlib sənə çatanda artıq üç ay olurdu. Ona görə də bu gün imkanlar çoxdur. Əməkhaqqıları vaxtında verilir. İnkişaf var. Müasir media birinci növbədə həqiqi informasiya arxasınca qaçmalıdır.
– 50 illik ömrün sizə ən böyük hədiyyəsi nə olub?
– İlk dəfə ev almağım. Çünki yataqxanada yaşamışam və onun çətinliklərini görmüşəm. Evdə başımı qoyub yatanda səhəri gün yuxudan oyanmaq istəmirdim. Çünki ilk dəfə idi ki, özümün evim var idi. O evin bütün küncünü gəzirdim. Hər küncündə də saatlarla oturub, bir-iki "paçka” siqaret çəkmişəm. Üç-dörd gün özümü o auradan çıxara bilmirdim ki, yəni mənim də evim var? Evsizlik o qədər çətin bir şeydir ki… Elə də şəstlə gəlib açarla o evin qapısını açırdım ki… Özüm özümdən qürurlanırdım. Şəhərin mərkəzində Muğam Teatrının yanında yaşayırdım. İşim də mərkəzdə idi, kostyumla çıxıb işə gedirdim, qürurla gedib, qürurla qayıtmaq məsələsi var. Bir də institutu qurtarmağım, ali təhsilə sahib olmağım.
– Bəs Allahdan ən böyük arzunuz nədir?
– Birinci növbədə, ailəmin, həyat yoldaşımın sağ-salamat olmasıdır. Çünki o mənim yol göstərənim, kifayət qədər psixoloji dəstək verənimdir. Hərdən elə olur ki, problemlərdən dolayı yoldan çıxa bilirəm. Onda o məni yola qaytarır.
– Ömrün yeni yolçuluğunda sizə uğurlar diləyirik! 50 yaşınız mübarək, canınız sağ, qələminiz iti, sözünüz hər zaman kəsərli olsun!
– Təşəkkür edirəm. Bu şəraiti mənə yaratdığına görə dostum, qardaşım "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərə təşəkkür edirəm. Mənim Aqillə münasibətim, qardaşlığım bu günə deyil, illərə dayanır. Özü də bilir ki, onun uğurlarını öz uğurlarım saymışam həmişə. O uğurlar daha da bol olsun. Yazacağımız çox şeylər gözəl işlərdən olsun.