Ötən ilin noyabrında Astarada 6 uşaq atası olan 44 yaşlı Nazim Baxşiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsə hökm oxunub.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Astara Rayon Məhkəməsinin hökmünə əsasən, yük maşını ilə ağır qəza törətmiş 37 yaşlı Peyman Ruşanova 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinən sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi və bundan sonra 1 il 6 ay müddətə sürücülük hüququnun məhdudlaşdırılması da hökmdə qeyd edilib.
Qeyd edək ki, Nazim Baxşiyev 6 uşaq atası olub. Fəhləlik edərək ailəsini dolandıran Nazimin həyat yoldaşı 4 il bundan əvvəl xəstəlik səbəbindən vəfat edib. Məktəbli və azyaşlı uşaqlarına isə N. Baxşiyev özü tək baxırmış.
Məhkəmədə N.Baxşiyevin böyük oğlu onun hüquqi varisi kimi tanınıb. Mərhumun oğlu sürücüdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.