Xəbər verdiyimiz kimi, ötən gün ölkədə minlərlə abituriyent tələbə adını qazanıb. Bəziləri arzuladığı ixtisasa qəbul olub, bəziləri isə gələn il yenidən şansını sınamaq qərarına gəlib. Belə abituriyentlərdən biri H.G. olub. Abituriyent sosial şəbəkə hesabında 610,4 bal topladığını, lakin heç bir universitetə qəbul olmadığını deyib. 618,5 bal toplayan şəxs də heç bir ixtisasa qəbul olmayıb.
Təhsil eksperti Elmin Nuri AZXEBER.COM-a açıqlamasında deyib ki, 610-618 bal toplayıb qəbul olmayan tələbələrin nəticələrinə uğursuzluq kimi yox, seçim kimi baxmaq lazımdır:

"610-618 bal toplayıb qəbul olmayan tələbələrin nəticələrinə uğursuzluq kimi yox, seçim kimi baxmaq lazımdır. Onlar özləri bunu məqsədli şəkildə seçirlər, çünki hədəfləri var. Bu gün 610 ballıq abituriyentin kəsilməsi, 310 balla bir abituriyentin harasa qəbul olmasından daha böyük uğurdur. Çünki birinin böyük hədəfi var. Biznesdə belə bir qayda var: makroiqtisadi hədəfə görə mikro qazancların üstündən xətt çəkmək lazımdır. Bu marketinqin qızıl qaydasıdır.
Həmin tələbələr də belə düşünürlər. Əgər insan 618 bal yığıbsa, deməli, bir çox yaşıdından daha məntiqli düşünməyə qadirdir. Həmin şəxs özünə nəyin lazım olduğunu daha yaxşı bilir. O istəsəydi, əksər universitetin fakültələrində daha rahat oxuya bilərdi. Amma məhz hədəfi olduğu üçün bu nəticə ilə barışmalı olub. Bu, məqsədli seçimdir”.
Təhsil eksperti qeyd edib ki, belə hadisələr, əsasən, dördüncü qrupda olur:
"Belə hadisələr, əsasən, dördüncü qrupda olur. Digər qrupların yüksək bal intervallarında da belə hallar var. Ötən il dördüncü qrupda 600-700 bal aralığında əsas göstəricilərdən biri 862 nəfər idi. Tibb universitetləri üçün isə ayrılan plan yerləri isə 810-a yaxın idi. Həmin 862 nəfərin hamısı, demək olar ki, tibb ixtisasına fokuslanırlar. Onların artıq biotexnologiyaya, kimyaya, biologiyaya maraqları olmur. Onlar universitetdən kəsilməni şüurlu şəkildə edirlər. Biz buna problem prizmasından yanaşmamalıyıq. Biz əslində buna başqa rakursdan yanaşmalıyıq ki, bizim belə düşünən abituriyentlərimiz var”.
Şahanə Ziyad











































