620 manatdan başlayan mənzillər: Vətəndaşlar üçün nə dərəcədə əlçatandır?

620 manatdan başlayan mənzillər: Vətəndaşlar üçün nə dərəcədə əlçatandır?
ÖZƏL
14:12 13.08.2026
350
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində 208 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

1, 2 və 3 otaqlı mənzillər üzrə aylıq ödənişlər 620 manatdan başlayır. Mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün bu mexanizm alternativ imkan kimi qiymətləndirilsə də, minimum aylıq ödənişin ailə büdcəsi üçün nə dərəcədə əlçatan olduğu sual doğurur.

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində təqdim olunan mənzillər mövcud şərtlərlə cəmiyyətin bütün təbəqələri üçün əlçatan deyil:

"İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində satışa çıxardığı və minimum aylıq ödənişin 620 manat olduğu mənzillər, təəssüf ki, cəmiyyətdə hər kəs üçün əlçatan deyil. İlk növbədə nəzərə almaq lazımdır ki, minimum əməkhaqqı ölkə üzrə 400 manatdır və əhalinin əksər təbəqəsi minimum əməkhaqqı və ondan cüzi yüksək məvacib alır. Bundan əlavə, xüsusilə gənc və azyaşlı övladı olan ailələrdə çox vaxt yalnız bir nəfər işləyir. Belə bir vəziyyətdə 620 manatlıq aylıq ödəniş həmin ailələr üçün kifayət qədər ciddi maliyyə yükü yarada bilər”.


İqtisadçı qeyd edib ki, mövcud şərtlər daha çox orta gəlirdən yüksək qazancı olan şəxslər üçün əlverişli görünür:

"Belə bir halda mənzil sahibi olmaq istəyənlər əsasən orta gəlirdən yüksək gəlir əldə edən şəxslərdir. Digər tərəfdən, ikinci və ya üçüncü mənzili alaraq kirayəyə vermək istəyən şəxslərin də bu mexanizmə maraq göstərməsi mümkündür. Düşünürəm ki, aylıq ödənişlərin nisbətən aşağı olması və şərtlərin daha əlçatan hala gətirilməsi məqsədəuyğun olardı”.

G.Hüseynovanın sözlərinə görə, buna baxmayaraq, uzunmüddətli perspektivdə bu mexanizm paytaxtda yaşamaq və mənzil sahibi olmaq istəyən şəxslər üçün müəyyən üstünlüklər yarada bilər:

"Məlumdur ki, tədris ilinin başlanması ilə əlaqədar kirayə və satış bazarında da qiymətlər yüksəlib. Qiymətlər əksər hallarda minimum əməkhaqqını əhəmiyyətli dərəcədə üstələyir. Gələcək karyerasını Bakıda davam etdirmək və uzunmüddətli yaşamaq istəyən şəxslər üçün bu mexanizm avantajlı ola bilər”.

Ekspert bildirib ki, daşınmaz əmlak bazarında qiymətlər qısa müddət ərzində belə dəyişə bildiyindən, uzunmüddətli baxımdan satmaq öhdəliyi ilə kirayə mexanizmi müəyyən vətəndaşlar üçün daha sərfəli seçim ola bilər:

"Daşınmaz əmlak sektorunda hətta üç ay ərzində qiymətlər dəyişə bilir. Eyni zamanda, illərlə kirayə haqqı ödəyərək müəyyən məbləğ toplamaq və daha sonra mənzil almaqdansa, bu mexanizm vasitəsilə mənzil sahibi olmaq bəzi vətəndaşlar üçün daha sərfəli ola bilər”.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR