Azərbaycanın halal iqtisadiyyat sahəsində böyük potensiala malik olduğu və bu istiqamətdə regional dəyər zəncirlərinin yaradılmasında mühüm rol oynaya biləcəyi açıqlanıb. İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illik toplantıları çərçivəsində təşkil olunan Halal forumda çıxış edən İİB Mükəmməllik Mərkəzinin rəhbəri Samer Elesavi ölkənin bu sahədə imkanlarını yüksək qiymətləndirib.
Qeyd olunub ki, Azərbaycanda halal sektorun inkişafı üçün əlverişli şərait mövcuddur. Bununla yanaşı, son illərdə İslam bankçılığının tətbiqi ilə bağlı müxtəlif müzakirələr aparılsa da, bu istiqamətdə konkret layihə hələ həyata keçirilməyib.
İqtisadçı Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, İslam bankçılığına görə, burada faiz tətbiq edilmir:

"Dünyada İslam bankçılığı anlayışı mövcuddur. İslam bankçılığına görə, bu sistemdə İslamın qaydalarına və fəlsəfəsinə uyğun olaraq faiz tətbiq edilmir. Banklar yalnız biznes fondu, yəni investisiya fondu kimi fəaliyyət göstərirlər. Belə ki, siz hər hansı layihə ilə banka müraciət edirsiniz, bank layihəni bəyəndiyi halda ona investisiya qoyur və sizinlə şərikə çevrilir”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda bu sistemin infrastrukturunun qurulması ilə bağlı işlər görülür:
"Azərbaycanda bu sistemin infrastrukturunun qurulması ilə bağlı işlər görülür. Bununla bağlı ümumi razılaşma və qərar mövcuddur. Onun nə vaxt və hansı formada həyata keçiriləcəyi isə yaxın gələcəkdə məlum olacaq”.
Şahanə Ziyad











































