İsraildən Bolqarıstana uçan təyyarə elektron poçt vasitəsilə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Sofiya hava limanında təcili eniş edib.
Bu barədə Bolqarıstanın "Nova” telekanalı məlumat yayıb.
Bolqarıstan Daxili İşlər Nazirliyinin baş katibinin səlahiyyətlərini icra edən Lyubomir Nikolov bildirib ki, həmin təyyarə hazırda mümkün partlayıcı qurğuların aşkar edilməsi məqsədilə yoxlanılır.
"Bu gün müxtəlif müəssisələrə, eləcə də bir müddət əvvəl Sofiya hava limanına enən təyyarəyə qarşı partlayış təhdidləri daxil olub. Hazırda təyyarədə mümkün partlayıcı qurğuların olub-olmadığı yoxlanılır”, – o bildirib.
Nikolovun sözlərinə görə, hüquq-mühafizə orqanları ölkənin müxtəlif ərazilərində yerləşən obyektlərə qarşı elektron poçt vasitəsilə və digər kanallarla daxil olan bomba təhdidlərini də araşdırır.
Hadisə ilə bağlı araşdırma davam edir.











































