7 nəfərin ölümünə səbəb olan qəzada mikroavtobus qanunsuz işləyib - Rəsmi

7 nəfərin ölümünə səbəb olan qəzada mikroavtobus qanunsuz işləyib - Rəsmi
SOSİAL
11:31 07.08.2025
206
Yeddi nəfərin öldüyü qəzada Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib. 

AZXEBER.COM xəbər verir ki, bu haqda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. 

Qurumun yaydığı açıqlamanı təqdim edirik: "7 avqust 2025-ci il tarixində saat 05 radələrində Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Şəmkir rayonu ərazisində Bakıdan Qazaxa hərəkət edən sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. 

Qeyd edirik ki, 99-GO-705 dövlət qeydiyyat nişanlı "Mercedes-Bens” markalı "Sprinter” mikroavtobusu sifarişli sərnişindaşımanı fərqlənmə nişanı, daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmadan həyata keçirib. 

Həmçinin, məlum olub ki, 20-DL-094 dövlət qeydiyyat nişanlı KAMAZ markalı yük nəqliyyat vasitəsinin də daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı olmayıb. 

Nəqliyyat vasitələri qanunvericiliyin tələblərinə uyğun olaraq, reysqabağı texniki müayinə, sürücülər isə tibbi müayinədən keçməyib. Yol-nəqliyyat hadisəsinə səbəb olan amillərin təyin edilməsi üçün müvafiq araşdırmalara başlanılıb”. 

Hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR