“Rəssamlar evi” adlanan “Xruşşovka”lardan biri. Dik pilləkənlərlə qalxıb, onunla görüş ünvanına çatana qədər təngənəfəs olduq. “Xruşşovka”ların 5-ci mərtəbəsinə qalxmaq, sanki yeni tikilən binaların 10-cu mərtəbəsinə qalxmaq kimidir. Biz, cavanıq. Hətta bu yaşımızda belə, 5-ci mərtəbəyə qalxana qədər ayaqlarımız kiçik xəyanətə başladı. Yuxarı qalxa-qalxa ayaqlarımızın xəyanətini hiss etikcə, söhbətinə qonaq olmağa gəldiyimiz şəxsin yaşının bu vədəsində bu pilləkənləri hər gün ən azı bir neçə dəfə düşüb-qalxdığını düşündük. Açığı, ayaqlarımızın xəyanətinə görə, bu gənc yaşımızda xəcalət çəkdik.Və nəhayət, artıq 5-ci mərtəbədəyik. Xeyr, “Beş mərtəbəli evin altıncını mərtəbəsi”nə qalxmayacağıq. Elə burada, 5-ci mərtəbədə yerləşən emalatxana-ev qarışığı kiçik otaqda bizi gözləyən saçının-saqqalının bəyazlığı üzünə vurmuş rəssam müsahibimizlə görüşəcəyik....8, uzaq başı 9 kvadrat metrlik otaqdı. İçərisi portretlər, natürmortlar və s. rəsmlərlə doludur. Otaq çox səliqəlidir. Bir rəssamın dağınıq ruhuna uymayacaq dərəcədə səliqəli. Buraya həm də ev görkəmi verən isə otaqdakı divan, kreslo, kiçik jurnal masası və......Və üzərindən tarix iyi gələn, həmin tarix iyisini otağa hopdurmuş bəlkə də 60-70 yaşı olan maqnitofonlar, “priyomniklər” və s. bu kimi tarixi əhəmiyyəti olan əşyalardır. Otaq sanki tarixin müəyyən dövrünü özündə cəmləyən muzeydir.Və budur. Görüşünə gəldiyimiz rəssam. Bəmbəyaz, uzun saçları, saçları uzunluqda və bəyazlıqda saqqalı. Əsl rəssam simasıdır. Uzaqdan görsən və tanımasan, “bu adam yəqin ki, rəssamdır” deyərsən. Yuxarıda dedim, saçlarının, saqqalının bəyazlığı üzünə sanki nur gətirib. İşıq saçır elə bil. Elə hey gülür, ətrafına xüsusi pozitivlik yayır....Müsahibim rəssam Şamildir Həsənovdur. O, 1942-ci ildə Bakıda anadan olub. Müsahibənin səbəbi də elə onun doğum günü ilə bağlıdır. Bu gün onun 70 yaşı tamam olur. Deyir, bilirəm, 100 yaş olacaq. Baxmayaraq ki, özünü hələ də 25 yaşında hiss edir. Yalan da demir. Ruhunun o qədər cavan olmasını biz də təsdiqlədik.Rəssamlıqla bağlı heç bir ali təhsili yoxdur. Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirib. Deyir, oranın “qızıl dövrü”ndə təhsil alıb. Özünün təhsil aldığı dövrdəki Əzimzadəni nə Rəssamlıq Akademiyası, nə də İncəsənət Universiteti ilə müqayisə edir. Şəkil çəkməyə uşaqlıqdan başlayıb. Rəssamlıq genindən gəlir. Dediyinə görə, nəsillərində 17-18 çox güclü rəssam olub. Onlardan bəziləri dünyasını dəyişib. Bir çoxu isə hələ də rəssamlıqla məşğuldur. Təsadüfi deyil ki, Şamil müəllimin oğlu Adil Həsənov də rəssamdır və Rəssamlıq İttifaqının üzvüdür. Zarafatla soruşuram ki, oğlu daha yaxşı rəssamdır, yoxsa özü?! Ürəkdən gülür. Deyir, biz arada mübahisə edirik. Oğlum deyir, sən heç nə bilmirsən. Ancaq oğluna heç nə öyrətmədiyini, rəssamlığı onun da Tanrıdan öyrəndiyini bildirir.Bu günə qədər heç vaxt özünə fərdi sərgi keçirməyib. Ancaq deyir, ölkədəki bütün rəssamlar onu tanıyır. Fərdi sərgisi olmasa da, bu günə qədər onlarla xarici ölkədə sərgilərə əsərləri təqdim olunub, sərgilənib. Ancaq son 10-15 ildə heç bir sərgiyə əsər vermir. Sərgilərə göndərdiyi əsərlərin oğurlandığını bildirir.Otaq doludur möhtəşəm rəsmlərlə. Soruşuram ki, niyə bu qədər dəyərli rəsmləri sərgiləmir. Cavab biraz da kədərlidir: “Kimin üçün?!”. “Rəssamların hamısı məni tanıyır, onlara əsərlərimi göstərməyə ehtiyac yoxdu. Belə də, kim görmək istəyir, mən burada yaşayıram, qapım hamının üzünə açıqdır. Gəlsinlər, görsünlər”.Bu yaxınlarda isə bir nəfər onun adından Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib, 70 illiyi münasibətilə fərdi sərgi təşkil etmək üçün dəstək istəyib. Nazirlikdən verilən cavab isə ölkədə rəsmə və rəssama verilən qiyməti ifadə edir: “Pulumuz yoxdur”. Soruşuram ki, nazirliyin bu etinasızlığı ona təsir edirmi?! Deyir, mən heç vaxt nə ad günü, nə yubiley keçirməmişəm. Bu dəfə də keçirmərəm. Burada böyüdəsi heç nə yoxdur. “Mənim reklam nəyimə lazımdır?! Görəndə, hardasa bir tədbirdə məni çəkirlər, qaçıb uzaqlaşıram ki, çəkməsinlər. Xarakterim belədi”.İlahi vergi olan rəssamlıq bacarığını hazırda heç kimə öyrətmir. Deyir, bir neçə il əvvəl bir neçə tələbə hazırlaşdırırdı. Ancaq daha sonra bundan da imtina edib. Tələbələrdən isə heç vaxt pul almadığını deyir. Onu da qeyd edək ki, Şamil müəllim həm də yaxşı heykəltəraşdır. Ancaq artıq bir neçə ildir ki, heykəltəraşlıqla məşğul olmur. Rəssamlıq daha cəzbedici gəlib.Cavanlığını göstərir bizə. Avtoportretlər. İlahi, insan özü-özünü bu qədər dəqiq, bu qədər gözəl çəkərmi?! Çərçivənin içindəki adamın ürək döyüntüləri eşidilir sanki. O qədər canlıdır. Sehrli barmaqlar bu portreti çəkəndə yəqin ki, Tanrının əmri ilə hərəkət edirmiş. Təkcə bu da deyil. Otaqdakı son 40 ildə çəkilmiş bütün rəsmlərdə Tanrının barmaq izləri var.Gəncliyindən danışır. Dostlarından. Çox dostum olub deyir. Hamısı pul dostu. “O qədər pulum var idi ki...”, deyir. “Sonra pulum azaldıqca dostlarım da azaldı”. Peşman olmadığını deyir. Yaşanmalı xatirələr imiş. İndi də yaxşı dostlarının olduğunu xüsusilə vurğulayır. Çox pulu olmasa da.Kiməsə şəkil hədiyyə etməklə qətiyyən arası yoxdur. Deyir, heç vaxt əsərlərini kiməsə bağışlamayıb. Heç satmır da. Bir əsər göstərir, əlavə edir ki, bir neçə il bundan əvvəl imkanlı bir işadamı həmin rəsmə yüksək məbləğ təklif edib, ancaq o satmayıb. “Rəsm barəsində xəsisəm” deyir. “Milyarder gəlsə də, satan deyiləm”.Həyatda tək yaşama səbəbinin ailəsi, uşaqları olduğunu deyir. “Həyatın anlamı məhz onlardır. Onlar üçün çəkirəm, onlar üçün yaşayıram”. 70 yaşına qədər heç bir peşmançılığının olmadığını deyir. Vaxtında pullarını çox xərclədiyinə təəssüf edir, sadəcə. Ancaq bundan da peşman deyil. Olub, keçib deyir.Soruşuram ki, çəkmək istədiyi bir rəsm, bir portret qalıb, yoxsa çəkmək istədiklərinin hamısını çəkib artıq?! Deyir, istərdim ki, ölkə prezidenti İlham Əliyevi ailəsi ilə birlikdə Şuşada rəsm edim. Şahəsər olar, yəqin ki, bu. Dünya miqyaslı bir portret olar....Şamil müəllim deyir ki, tam 50 ildir ki, peşəkar formada rəssamlıqla məşğuldur. Deyir, elə rəsmləri var ki, onları heç vaxt heç kimə göstərməyib. O rəsmlərin varlığından ancaq özünün, bir də ilahi qüvvənin xəbəri var.Heç bir titulu, fəxri adı-filanı yoxdu. Deyir, heç vaxt bunun marağında olmayıb. “İstəsəydim, çoxdan alardım”. Əlavə edir ki, o, bütün hallarda xalq rəssamıdı – xalqın rəssamı. Bunun təsdiqi üçün hansısa fəxri ada ehtiyac duymur. Guya, deyir, Pikassonun, Van Qoqun, Da Vinçinin fəxri adları, “xalq rəssamı” titulları var idi?!...Yay fəslində rəsm çəkmir. Emalatxanası istidi. “Yayda istidən burda oturmaq olmur”, deyir. “Qışda çox çəkirəm. Bu yaz 5 şəkil çəkmişəm”. Deyir, 5-6 dəfə olub ki, çəkdiyi əsərləri sonradan bəyənməyərək, cırıb.Şamil müəllimlə söhbət zamanı tez-tez “bu yazmaq üçün deyil ha” deyib, zarafatları ilə bizi güldürürdü. 70 fiziki yaşında olan 25 yaşlı ruh sahibinin pozitiv enerjisi, yaradıcı ruhu söhbət əsnasında bizə də keçmişdi. 2 saatlıq söhbət zamanı özümüzdə sanki bir yüngülləşmə hiss elədik.Yaradıcı adamlar Tanrıya yaxın olanlardır. Bütün hallarda bunu hiss etdik. Heç vaxt pislik etmədiyini, bunu bacarmadığını deyən Şamil müəllim də özündə məhz Tanrıdan parça gəzdirdiyi üçün üzündə Tanrı işığı var idi.