Türkiyənin İstanbul şəhər sakini leykoz xəstəsi Müzəffər Kayasan 14 aydır karantindədir.
AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, onun indiyədək verdiyi 78 koronavirus testinin cavabı müsbət çıxıb. Sarıyer məhəlləsində yaşayan Kayasan 2020-ci ilin noyabr ayında koronovirusa yoluxub. Xəstəxanada müalicə alan 56 yaşlı kişi evə buraxılmağına baxmayaraq, testləri heç vaxt neqativ çıxmayıb.
O müsahibəsində bildirib ki:
"Üç il əvvəl sümük iliyi transplantasiyası əməliyyatı keçirdim. Amma sonra COVID-19-a yoluxdum. 2020-ci ildən etibarən COVID-19 ilə yaşayıram. Bu 14 aylıq müddətdə. Bu müddət ərzində 78 test verdim. Onların hamısı müsbət çıxdı. Həkimlər dedilər ki, leykoz olduğum üçün immun sistemim zəifdi, 14 ay dərman verdilər. Xəstəxanada olanlar üçün də, bizim üçün də çox çətin prosesdir. 14 aydır karantindəyəm. İndiyə qədər həyat yoldaşım on gün yanımda qaldı amma onun testi neqativ çıxdı. Alimlərin dediyinə görə, COVID-19 qalıqları hələ də bədənimdədir." - deyə o qeyd edib.