“Azərbaycan Media Mərkəzi jurnalistlərimiz üçün doğma bir yerə çevrilib”

MARAQLI
10:03 09.02.2011
1912
G.Axundova ixtisasca hüquqşünas olsa da əsas fəaliyyətim media və ictimaiyyətlə əlaqələr sahəsidir. O, 10 ildən çox bir neçə beynəlxalq təşkilatda menecer səviyyəsində çalışıb, strateji planlaşdırma, proqram və biznesin inkişafı sahələrində təcrübəyə malikdir. Media və ictimaiyyətlə əlaqələr üzrə çoxsaylı treninqlərin, təqdimatların və məqalələrin müəllifidir. G.Axundova “525”ə müsahibəsində Media Mərkəzin fəaliyyətindən danışır. 

–Azərbaycan Media Mərkəzini yaratmaqda əsas məqsədiniz nə idi və hesab edirsinizmi ki, həmin məqsədlərə nail olmusunuz?

–Azərbaycan Media Mərkəzinin əsas məqsədi medianın inkişafına kömək göstərməkdir. Biz artıq bu məqsədlə bir neçə uğurlu layihəyə imza atmışıq. Bununla belə hesab edirəm ki, məqsədə çatmaq haqqında danışmaq hələ ki, tezdir. Çünki Media Mərkəzi 2008- ci ilin sonlarında fəaliyyət başlayıb. Bu, elə də böyük bir müddət deyil. Odur ki, məqsədə çatmaq üçün çox işləməli və böyük işlər görməliyik.

–Media Mərkəzi tərəfindən həyata keçirilən layihələr barədə nə deyə bilərsiniz? Bu layihələr hazırlanarkən daha çox media ilə bağlı hansı məqamlara diqqət yetirirsiniz?

–Biz çalışırıq ki, elə bir sahələr üzrə fəaliyyətimizi quraq ki, o sahədə müəyyən mənada çatışmazlıqlar, boşluqlar var. Bunun üçün də biz beynəlxalq təcrübəyə, mütəxəssislərə daha çox müraciət edirik. Belə ki, xarici mütəxəssislərin dəvəti ilə təşkil olunan peşəkar təlimlər, Avropaya səfərlər, mərkəzdə keçirilən mətbuat konfransları, debatlar, jurnalistlər üçün Media Mərkəzində internet və iş məkanın yaradılması, internet vasitəsi ilə yayımlanan canlı müzakirələr – bütün bu işlər jurnalistlərimiz tərəfindən alqışlanır.

Media Mərkəz sosial əhəmiyyətli mövzulara dair mütəmadi debatlar təşkil edir. Biz inanırıq ki, canlı, provokativ və intellektual müzakirələr ictimai rəyə müsbət təsir göstərir. Bizim məqsədimiz açıq müzakirələr, debatlar üçün əlverişli imkanlar yaratmaqdır. Təbii ki, bütün bu müzakirələrin fonunda biz öz neytrallığımızı da qoruyub saxlayırıq.

–Bəs perspektivdə nə kimi layihələr və planlarınız var?

–Hazırda biz baş redaktorların iştirakı ilə media idarəçiliyi mövzusunda xüsusi bir layihə keçirilməyi planlaşdırırıq. Bundan əlavə, fotojurnalistika, yeni media, araşdırma jurnalistikası ilə bağlı təlimlər keçirməyi düşünürük. Daha sonra Avropa ölkələrindən birinə səfərlə bağlı layihə üzərində işləyirik, demək olar ki, layihəni artıq yekunlaşdırmışıq. Ümid edirik ki, bu layihəmiz reallaşacaq və bir qrup jurnalist və vətəndaş cəmiyyəti nümayəndələri xaricə səfər etmək imkanı əldə edəcəkdir.

–Vaxtilə fəaliyyət göstərən Press-klub demək olar həm də mətbuat evinə çevrilmişdi. Sizcə Media Mərkəzi bu funksiyanı daşıya bilirmi?

–Böyük qürurla hiss ilə demək istərdim ki, jurnalistlər üçün Media Mərkəzi artıq doğma bir yerdir. Media Mərkəzinin qapısı hər zaman jurnalistlərimizin üzünə açıqdır. Burada hər bir şərait var- kompüter, pulsuz internet, qəzet-jurnallar, kitablar və s. Günün istənilən saatı mərkəzimiz jurnalistlərin ixtiyarında olur.

–Mərkəz jurnalistlər üçün nə kimi güzəştlər nəzərdə tutub?

–Əvvəlki sualda jurnalistlərimiz üçün hansı imkanları yaratdığımızı qismən sadaladım. Odur ki, bunun da qarşılığında maddi maraqlarımız yoxdur. Belə ki, istənilən jurnalist media mərkəzin xidmətlərdindən pulsuz istifadə edə bilər.
Mərkəzimizdə mətbuat konfransı keçirən jurnalist təşkilatları üçün sərfəli güzəştlər təklif edirik.
Mətbuat konfransı keçirmək istəyən, amma buna imkanı olmayan sadə vətəndaşları isə ödənişdən azad edirik./// 525-ci qəzet

OXŞAR XƏBƏRLƏR