“Eynulla Fətullayevin 260 min manata yaxın vergi borcu var”

MARAQLI
15:24 26.04.2011
1601

- Azərbaycan nümayəndə heyəti Avropa İnsan Hüquqları Məhkəməsinin gələcəyi və islahatlarına dair keçən il keçirilmiş İnterlaken, həm də bugünkü İzmir konfransında fəal iştirak edir. Məhkəmədə islahatlar deyərkən, Azərbaycan tərəfi əsasən hansı təklifləri dəstəkləyir?

- Bildiyiniz kimi keçən il İnterlaken konfransında başlamış bu islahatlar ərəfəsində Rusiya 14-cü protokolu ratifikasiya etdi və az sonra sənəd qüvvəyə mindi. Bu protokola müəyyən ümidlər bəslənirdi. Bunun Avropa İnsan Hüquqları Məhkəməsinin işini daha da səmərəli edəcəyi, onun fəaliyyətini təkmilləşdiriləcəyi, məhkəməyə daxil olan şikayətlərin azalacağı və eyni zamanda qurumun daha çox sayda şikayətlərə baxa biləcəyi haqda fikirlər səsləndirilirdi. Amma o vaxt da yalnız 14-cü protokolun buna kifayət etməyəcəyi bildirilirdi. İnterlaken Bəyannaməsində Avropa Məhkəməsinin fəaliyyətinin hansı istiqamətlərdə təkmilləşdirilməsi fikirləri irəli sürülmüşdü. Bugünkü İzmir konfransında isə İnterlakendə səslənmiş fikirlər daha da ciddi xarakter alır. Yəni dövlətlər artıq ötən müddətdə hansı irəliləyişlərin olduğuna nəzər yetirəcəklər. Bu bir il ərzində əksinə Avropa Məhkəməsinə şikayətlərin sayı 30 min artıb. Və ona görə də görünür ki, daha da ciddi tədbirlər görmək lazımdır. Bu gün müzakirə olunacaq tədbirlər hansılardır? Məsələn belə bir təklif var ki, şikayət vermək üçün ərizəçilər tərəfindən müəyyən rüsumlar ödənilsin. Çünki Avropa Məhkəməsinə daxil olan şikayətlərin 90 faizi “qəbuledilməz ərizələr” kimi qəbul olunur. Burada məhkəmə sədrinin dediyi kimi Avropa Məhkəməsinə daxil olan 10 ərizədən 9-u qəbuledilməzdir, əsassızdır. Və bu axını azaltmaq üçün müəyyən tədbirlər görülməlidir. Bəlkə də bu rusumun tərtib edilməsi əsassız şikayətlər axınının qarşısını ala bilər. Bu mexanizm insanları əsassız şikayətlər verməkdən çəkindirəcək. Bundan başqa 14-cü Protokolda əlavə mümkünlük meyarı əks olunub. Bu da şikayətçinin mühüm həcmdə zərər çəkməməsidir. Bu meyar Avropa Məhkəməsi tərəfindən daha ciddi tətbiq olunmalıdır. Məhkəmə bir-iki iş üzrə qərar qəbul edərkən, bu meyarı tətbiq etmişdi. Lakin görünür bu istiqamətdə də inkişaf davam etdirilməlidir.

 

İzmir konfransında səslənən daha bir ciddi fikir Avropa Məhkəməsinin subsidiar rolunun vurğulanması oldu. AİHM hesab edir ki, onun subsidiar rolu yalnız ondan ibarətdir ki, üzv dövlətlər onun qərarlarını icra etməlidir və əlavə şikayətlərin gəlməməsi üçün tədbirlər görməlidirlər. Üzv dövlətlər isə məhkəmənin subsidiar rolunu və onun əsas hissəsini onda görürlər ki, AİHM hər hansı bir qərarı çıxardanda üzv ölkənin daxili qanunvericiliyini də nəzərə almalıdır. Yəni Avropa Məhkəməsi dördüncü instansiya məhkəməsi ola bilməz, yerli məhkəmələrin qərarlarını ləğv edə bilməz və üzv dövləti məcbur edə bilməz ki, məhz bu və ya digər tədbiri görün. Çünki bu ölkələrdə başqa seçimlər də ola bilər. Məsələn, Eynulla Fətullayevin işində. Azərbaycan hökuməti bu işdə də AİHM-in öz subsidiar rolunu pozduğunu bildirmişdi. Çünki bizdə Ali Məhkəmənin Plenumu tərəfindən yeni hallar üzrə işlərə baxılması proseduru var. Yəni AİHM hansısa bir qərar çıxardıqda, bu işə Ali Məhkəmənin Plenumunda baxılması üçün əsas ola bilər. Adətən cinayət işlərində belə də olur. Belə olan halda AİHM deyir ki, siz bu şəxsi azad etməlisiniz. Amma sual olunur - nəyə görə? Bizim məhkəmələrin qərarları var Avropa Məhkəməsi də Azərbaycan məhkəmələrinin qərarlarını avtomatik ləğv edir. Bu, qəbulolunmazdır. Ona görə də Avropa Şurasına, Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmuş üzv dövlətlər belə bir vəziyyəti görərək, xüsusi qeyd edirlər ki, AİHM öz subsidiar rolunu dərk etməlidir.

- Eynulla Fətullayevin işini qeyd etdiniz. Bu ilin mart ayında Avropa Şurası Nazirlər Komitəsində bu məsələ müzakirə olunmuşdu. Hazırda bu məsələ ilə bağlı AŞ ilə Azərbaycan hökuməti arasındakı müzakirələrin vəziyyəti nə yerdədir?

- Azərbaycan hökumətinin mövqeyi ondan ibarətdir ki, AİHM-nin məlum qərarı tam həcmdə yerinə yetirilib, icra olunub. Ali Məhkəmənin plenumunun bununla bağlı çıxardığı iki qərarda deyilirdi ki, AİHM-nin çıxardığı qərar üzrə bir tərəfdən həmin şəxs barəsindəki cinayət işinə xitam verilməlidir, digər tərəfdən isə cinayətlərlə bağlı işə xitam verilməlidir və buna görə də o azad edilməlidir. Yəni bununla da Ali Məhkəmə həmin qərarı icra etmiş olub. Digər tərəfdən, biz tam həcmdə pulunu da ödəmişik. Sadəcə bildiyiniz kimi, onun barəsində çıxarılmış hökmə əsasən, verginin ödənilməməsi ilə bağlı dövlətə 260 min manata yaxın borcu da var. Ona görə də indi bu ödənilməmiş məbləğin dövlət tərəfindən ləğv olunması məsələsinə baxılır. Bu məsələ əlbəttə ki hələlik öz həllini tapmayıb, amma hazırda öyrənilir. Yəni bununla da fərdi tədbirlər tam həcmdə yerinə yetirilib. O ki qaldı ümumi tədbirlərə, bir neçə iş də var və bununla bağlı da tədbirlərin görülməsi nəzərdən keçirilir.

OXŞAR XƏBƏRLƏR