A ZƏR BAY CAN

A ZƏR BAY CAN
KÖŞƏ
15:50 15.08.2012
2615

Pərvanə İbrahimova 

Mən dünyada bü sözlən gözəlini tanımıram. Deyilişi qədər yazılışı, onun qədər heca ilə səslənişi, məzmunu, qayəsi də gözəldir. Təxminən 10 il öncə tanınmış jurnalist Səbuhi Məmmədli işlədiyimiz qəzetdə «Vətən tarix kitabının 5-ci sinfindən başlayır» sərlövhəli yazı yazmışdı. Məzmun, problemin qoyuluşu, ondan çıxış yolları, dil-üslub və s. etibarilə ruhumu oxşamışdı o yazı. Həmkarım Vətənin niyə məhz tarix kitabından, həm də 5-ci sinifdən başladığı barədə sualımı da təbəssümlə qarşılamış, əslində, yəqin etdiyim kimi, bunun çoxlu sətiraltı mənalarının olduğunu demişdi. Eyhamlarını da əlavə etsək, əla yazı idi. Vətənə sevigi və ehtiram, məncə, Səbuhi bəyin həmin sətiraltı mənalarına qayıtsaq, uşaq dil açandan, bəlkə də ana bətninə düşəndən başlayır. Övladın vətəninə, topağına, millətinə layiqli olması üçün onun milli ruhda böyüməsi, zaman-zaman milli kimliyini dərk etməsi ilə bağlıdır. 40 günlük uşağının çox nadinc olduğunu deyərək kömək istəyən anaya uşağına tərbiyə vermək üçün düz 40 gün gecikdyi cavabı verilir. Tərbiyə elə Vətən deməkdir!!! Onun atributlarına hörmət, sayğı deməkdir!!! Məncə qanımızırənginə qatdığımız, göylərdə dalğalanan şanlı, hilallı bəzəyimiz, o olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etməyin mümkunsüz olduğunu dərk etdiyimiz üçrəngli bayrağımız, dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvolu, əcdadlarımızın köksünü qabardan iman gücüvə qüdrət əsəri olan 8 güşəli gerbimiz, gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən, xalqımızın güc və qüdrət nərəsi olan himnimiz analarımızın beşik başı laylaları olmalıdır. Olmalıdır ki, Azərbaycan adı gələndə qəlblər tirtrəsin, ürəklər çırpınsın, himnimiz səslənəndə dodaqlar əssin. Mən dünyada Azərbayan sözündən gözəlini tanımadığım kimi, bayrağımızdan da, himnimizdən də gözləni tanımıram. Himnimiz səslənəndə harada olduğumu unuduram, göz yaşlarım bu gözəl əsərin sözlərinə qarışır. Bu Vətənin övladı olduğuma görə qürur duyuram. Çoxları da belədir yəqin ki… Nə yazıq ki çoxları… Hamı yox… Etiraf edək ki, bu gün çoxlarımız himnimiz səslənəndə sadəcə qulaq asırıq, dodaqlarımızı belə tərpətmirik.

Dəfələrlə türk qardaşlarımızla birgə keçirilən tədbirlərin şahidi olmuşam. Azərbaycan himni səslənəndə çoxlarımızdan fərqli olaraq ona qoşulan türklər, «Korkma, sönmez bu şafaklarda yüzen al sancak» səslənən kimi salona əlavə ruh, coşqu, rəng qatırlar. Bəs bizdə niyə belə deyil? Himnimizi oxumaq ayıbdır? Dəfələrlə aparılan sorğular, qəfil verilən suallar onu göstərib ki, bir çoxlarımız himnimizin musiqi və sözlərinin müəllifi ilə yanaşı, onun sözlərini də doğru-dürüst bilmirik. Mən hələ zaman-zaman himnimizin dəyişdirilməsi, yaxud mətninin qısaldılması barədə səslənən təkliflərdən danışmıram. Yaxşı olardı ki, bu təşəbbüslərin əvəzinə «hamı himni oxusun!» şüarı ilə ictimai müzakirələrə başlanılaydı…

Son günlər diqqətimi çəkən məqamlardan biri olimpiada oyunlarının bağlanış mərasmində Böyük Britaniyanın himninin səslənməsi zamanı onu oxuyanların coşqusu oldu. Əllərində İngiltərə bayrağı olan insanlar, mənə eynilə türk coşqusunu yaşatdılar. Bu yerdə olimpiya çempionumuz Toğrul Əsgərova təşəkkürlər düşür. Toğrul çempion oldu, bayrağımızı qaldırıb, himnimizi səsləndirdi, ən əsası isə layiq olduğu ali kürsüdə özü də oxudu. Əhsən Toğrul!!! Sənə də, səni böyüdən, tərbiyə verən anaya da. Məncə missiyasını sona qədər yerinə yetirən Toğrulun bu addımı onu oxumayanlar üçün ibrət olmalıdır. Fərqi yoxdur, istər legioner olsun, istərsə də Azərbaycan vətəndaşı…

Himnimizin verdiyi güc ilə başımız dikəlir. Onun hər bir misrası və hər bir kəliməsi igid ata və babalarımızınbizə əvəzi olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq, ən əsası da onun səsinə qoşulmaq ən müqəddəs vəzifəmizdir. Gəlin bu vəzifəmizi hər an üzərimizdə hiss edək…

OXŞAR XƏBƏRLƏR