Abort xərçəngə səbəb olur - Həkim

Abort xərçəngə səbəb olur - Həkim
SOSİAL
21:52 09.06.2026
115
 "Abortlarla bağlı statistik göstəricilər bəzən real vəziyyəti tam əks etdirmir. Bunun əsas səbəblərindən biri odur ki, bütün hamiləliyin dayandırılması halları rəsmi statistikaya düşmür. Xüsusilə qadınların bir hissəsi hamiləliyi tibb müəssisələrinə müraciət etmədən, farmakoloji üsullarla, yəni dərman vasitələri ilə sonlandırır. Belə hallarda qadın ümumiyyətlə hamilə kimi qeydiyyata alınmır və rəsmi sənədləşməyə daxil edilmir”.

Bunu ginekoloq Təranə Həsənova Demokrat.az-a açıqlamasında bildirib.

O deyib ki, bu cür vəziyyətlərdə qadınlar adətən xəstəxanalara artıq abort kimi deyil, qanaxma və ya ümumi ginekoloji şikayətlərlə müraciət edirlər:

"Həkim müdaxiləsi isə əsasən qanaxmanın dayandırılması, vəziyyətin stabilləşdirilməsi və ümumi tibbi yardım göstərilməsi ilə məhdudlaşır. Nəticədə bu hallar statistik hesabatlarda "abort” kimi deyil, digər ginekoloji pozuntular və ya qanaxma diaqnozları altında qeyd olunur. Bu da ümumi rəqəmlərin real göstəricidən aşağı görünməsinə səbəb ola bilər. Eyni zamanda ailədaxili sosial faktorlar, psixoloji vəziyyət və maarifləndirmə səviyyəsi də bu prosesə ciddi təsir göstərir. Bir çox qadın arzuolunmaz hamiləliyi dayandırma vasitəsi kimi abortu daha asan çıxış yolu kimi qəbul edir. Halbuki hamiləliyin qarşısını alma üsulları mövcud olduğu halda, onların istifadəsi barədə məlumatlılıq bəzən kifayət etmir. Sorğu zamanı bəzi qadınlar kontraseptiv vasitələrdən istifadə etməmələrinin səbəbini qorxu və ya yanlış məlumatlarla izah edirlər. Maraqlı məqam odur ki, abort prosedurunu daha az riskli və ya "adi tibbi müdaxilə” kimi qəbul edən yanaşmalar da mövcuddur, lakin qoruyucu vasitələrə qarşı daha çox ehtiyat və tərəddüd müşahidə edilir. Bu isə bir daha maarifləndirmə səviyyəsinin zəifliyini göstərir”.

O qeyd edib ki, bu səbəbdən problemin həlli istiqamətində əsas istiqamətlərdən biri genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasıdır:

"Həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən hamiləliyin qarşısının alınması üsulları, onların düzgün istifadəsi və riskləri barədə sistemli məlumatlandırma həyata keçirilməlidir. Eyni zamanda abortun tibbi və psixoloji fəsadları haqqında da cəmiyyətə daha geniş izahlar verilməlidir. Əks halda bu tendensiyanın illər üzrə artmaq ehtimalı qalır. Abortun qadın orqanizminə təsirlərinə gəldikdə isə, bu proses müxtəlif tibbi fəsadlarla müşayiət oluna bilər. Ən çox rast gəlinən ağırlaşmalardan biri iltihabi proseslərdir. Abortdan sonra bəzi qadınlarda uşaqlıq daxilində infeksion-iltihabi reaksiyalar inkişaf edə bilər ki, bu da ağrı, bədən hərarətinin yüksəlməsi, irinli ifrazatlar, uşaqlığın tam yığılmaması və təkrarlanan qanaxmalarla özünü göstərə bilər. Bundan əlavə, prosedur zamanı da ciddi risklər mövcuddur. Güclü qanaxma, uşaqlığın zədələnməsi və ya nadir hallarda perforasiya kimi çox təhlükəli vəziyyətlər yarana bilər. Bu cür fəsadlar dərhal tibbi müdaxilə tələb edir və bəzən daha ciddi ağırlaşmalara gətirib çıxarır. Abort zamanı və ya ondan sonra uşaqlıq daxilində aparılan instrumental müdaxilələr, xüsusilə küretaj prosedurları, endometriumun yəni uşaqlığın daxili selikli qişasının zədələnməsinə səbəb ola bilər. Bu isə gələcək reproduktiv sağlamlığa təsir edir. Nəticədə bəzi qadınlarda hamiləliyin baş tutmaması, hamiləliyin erkən dövrdə pozulması və ya təkrarlanan düşüklər müşahidə oluna bilər”.

Həkim əlavə edib ki, hormonal sistemə təsirlər də nəzərə alınmalıdır:

"Abortdan sonra hormonal balansın pozulması süd vəzilərində dəyişikliklərə, o cümlədən mastopatiya kimi problemlərə səbəb ola bilər. Çünki qadın orqanizmində hormonal sistem vahid şəkildə işləyir və bir sahədə baş verən dəyişiklik digər orqanlara da təsir göstərə bilər. Bütün bu proseslər uzunmüddətli dövrdə qadının reproduktiv sağlamlığına ciddi təsir göstərə bilər. Eyni zamanda bəzi hallarda onkoloji risk faktorlarının artması da tibbi ədəbiyyatda müzakirə olunur. Xüsusilə uşaqlıq boynu və endometrium sahəsində aparılan müdaxilələrin müəyyən riskləri artırdığı qeyd edilir.
 
Ümumilikdə bu məsələ təkcə tibbi deyil, həm də sosial və maarifləndirici yanaşma tələb edən ciddi problemdir. Problemin qarşısının alınması üçün əsas istiqamət düzgün ailə planlaması, təhlükəsiz kontrasepsiya üsullarının təşviqi və əhalinin bu sahədə məlumatlandırılmasının gücləndirilməsidir. Risk amillərinin artması onkoloji xəstəliklərin yaranma ehtimalını da yüksəldir. Bu məsələni mən dəfələrlə pasiyentlərə izah etmişəm. Lakin təəssüf ki, bir çox hallarda bu xəbərdarlıqlara kifayət qədər ciddi yanaşılmır və diqqət yetirilmir. İnsanlarda tez-tez belə bir psixoloji yanaşma müşahidə olunur: "Məndə ola bilməz”. Halbuki onkoloji xəstəliklər istisnasız olaraq hər kəs üçün risk daşıyır. Tibbi müşahidələrə əsasən, qadınlarda uşaqlıq boynu, endometrium və yumurtalıq xərçəngi kimi onkoloji xəstəliklərin yaranmasında müxtəlif risk faktorları rol oynaya bilər. Bu faktorlar arasında hormonal balansın pozulması, iltihabi proseslər və təkrarlanan instrumental müdaxilələr də qeyd olunur. Bu səbəbdən reproduktiv sistemdə aparılan hər hansı müdaxilə uzunmüddətli perspektivdə diqqətlə qiymətləndirilməlidir”.

Qeyd edək ki, Azərbaycanda abortların sayı ilə bağlı açıqlanan son statistika müzakirələrə səbəb olub. Rəsmi məlumatlara görə, ötən il ölkədə 95 min 117 abort qeydə alınıb ki, bu da son illərin ən yüksək göstəricilərindən biri hesab olunur. 
OXŞAR XƏBƏRLƏR