ABŞ administrasiyasının ölkədə sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq prosesində olan təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı iddia edilir.
AZXEBER.COM xarici məttbuata istinadən xəbər verir ki, Associated Press (AP) tərəfindən əldə edilən ABŞ Dövlət Departamentinin sənədlərinə və məsələ barədə məlumatlı iki rəsmiyə istinadən xəbər verilir ki, söhbət 2016-2026-cı illər arasında verilmiş B1 və B2 vizalarından gedir.
Məlumata görə, viza sahiblərinin ABŞ-da sığınacaq üçün müraciət edib-etmədiyi araşdırılır. Vizaların ləğv edilməsi həmin şəxslərin dərhal deportasiya olunacağı anlamına gəlmir. Hazırda sığınacaq müraciətlərinə baxılan şəxslərin əksəriyyətinin statusunun yenidən müəyyənləşdiriləcəyi bildirilir.
ABŞ Dövlət Departamentinin sözçüsü Tommy Pigott AP-yə açıqlamasında ləğv edilə biləcək vizaların dəqiq sayı barədə məlumat verməyib. O bildirib ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti ilə birlikdə ölkəyə qısamüddətli səfər məqsədi ilə gəldiyini bildirərək daha sonra daimi qalmaq üçün sığınacaq müraciəti edən şəxslərin qeyri-immiqrant vizalarını müəyyənləşdirib ləğv etmək istiqamətində iş aparılır.
Pigott prosesin davam etdiyini və vizaların ləğvinin mərhələli şəkildə həyata keçiriləcəyini qeyd edib.
AP-nin əldə etdiyi sənədlərdən də görünür ki, ABŞ Dövlət Departamenti Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərindən sığınacaq müraciətləri ilə bağlı məlumat aldıqdan sonra B1 və B2 vizası sahiblərini araşdırmağa başlayıb.
Qeyd edək ki, ABŞ-da B1 vizaları əsasən işgüzar səfərlər, B2 vizaları isə turizm, ailə ziyarətləri və tibbi məqsədlər üçün verilir.











































