"Vaxtı ilə Saakaşvili hakimiyyətinin rəhbərlik etdiyi "Vahid Milli Hərəkat" partiyası seçkilərdə iddia ilə çıxış edib. 2003-2012-ci illərdə iqtidarda olan bu partiyanın güclü tərəfi keçmişdə iqtidarın partiyası olması, zəif tərəfi isə tam bir vahid platformasının olmamasıdır. Onlar yeni lider axtarışındadırlar. Amma bu, çox çətin bir prosesdir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev 26 oktyabrda Gürcüstanda keçiriləcək parlament seçkiləriylə bağlı danışarkən deyib.
Deputat qeyd edib ki, bu gün Gürcüstan xalqını maraqlandıran ölkənin ərazi bütövlüyünün bərpa edilməsidir:
"Parlamentə düşməyə iddialı, milli dəyərlərə söykənən və digər Qərbyönümlü partiyalar həddən artıq çoxdur. Təbii ki, hər bir partiya Gürcüstanın ərazi bütövlüyünü düşünür. Ən mühüm məsələ bundan ibarətdir. İstər Avropanın, istərsə də Rusiyanın təsirindən asılı olmayaraq əsas məsələ bu gün Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsidir. Əlbəttə ki, Qərb öz təsirindən istifadə etməyə çalışır. Bu gün ABŞ-nin apardığı siyasət yalnız Gürcüstana aid deyil, həmçinin Cənubi Qafqazda nüfuz sahibi olmağa köklənib. Buna görə də bir sıra dövlətlərdən istifadə etməyə cəhd edilir. Bu, artıq Ermənistanda müəyyən qədər mümkün olub. Çünki Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur. O, diqtə altında idarə olunur. Gürcüstana da təzyiq etməyə çalışırlar. Çünki Gürcüstan çox strateji əhəmiyyətə malik bir dövlətdir. Limanların olması, eyni zamanda beynəlxalq səviyyəli kəmərlərin, o cümlədən makrolayihələrin məhz bu ölkə vasitəsilə keçirilməsi çox mühüm məsələdir. Onlar çalışır ki, bu məsələdə bir mövqe tutsunlar və özlərinin təsir qüvvəsini artırsınlar".
Deputat əlavə edib ki, Gürcüstan və Azərbaycan tərəfdaş və dost ölkələrdir:
"Azərbaycanın Gürcüstanla çox vacib əlaqələri var. Bütün bunlar iki ölkə arasında olan mövcud əlaqələrdən xəbər verir. Gürcüstan həm tərəfdaşımız, həm də dost ölkəmizdir. Gürcüstanın ən böyük vergi ödəyicisi SOCAR-dır. Biz habelə orada yaşayan həmyerlilərimizin problemlərini nəzarətdə saxlayırıq. Bir sözlə, Gürcüstan Azərbaycanın əhəmiyyətli tərəfdaşımızdır. Regional layihələrə gəldikdə isə istər Bakı-Tbilisi-Ceyhan boru kəməri olsun, istərsə də Bakı-Tbilisi-Qars yolu nəzərdə tutulsun. Gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə daşınmaların bir istiqaməti də Gürcüstan limanlarından istifadə edərək onların da yüklərinin də beynəlxalq daşınmalarda iştirak etməkdən ibarətdir. Bu baxımdan, bizim əlaqələrimiz həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə çox mühüm əhəmiyyət kəsb edir".
Mikayıl Mirzəzadə