ABŞ-ın müdafiə naziri Lloyd Ostin İsveçə səfər edəcək.
Bu barədə İsveç hökumətinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, aprelin 19-da müdafiə naziri Pal Yonson ABŞ-ın müdafiə naziri Lloyd Ostini qəbul edəcək.
Görüş Muskö hərbi bazasında baş tutacaq.
Qeyd edək ki, bu, ABŞ müdafiə naziri Ostinin İsveçə ilk səfəridir.
"Səfərin məqsədi Avropadakı təhlükəsizlik siyasəti, ölkələrin müdafiə sahəsində əməkdaşlığının gələcək inkişafı, İsveçin NATO-ya inteqrasiyası, o cümlədən İsveçin ən qısa zamanda alyansa qoşulmasının vacibliyini müzakirə etməkdir. Müdafiə nazirləri həmçinin, Ukraynaya uzunmüddətli hərbi dəstəyi müzakirə edəcəklər. Sakit okean regionunda son vəziyyət, Çinlə münasibətlərin müzakirəsi də gündəlikdədir", - hökumətin yaydığı məlumatda qeyd olunub.
İkitərəfli görüşdən sonra müdafiə nazirləri birgə mətbuat konfransı keçirəcək və İsveç Silahlı Qüvvələrinin dəniz və hava arenalarında hərbi imkanlarının nümayişini izləyəcəklər.
///APA