"Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin üsyana sağ qalmaq cəhdi kimi baxır”.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu yazıb.
Qeyd olunub ki, Rusiya Müdafiə Nazirliyinin "Vaqner”i tamamilə özünü tabe etmək istiqamətindəki səyləri Priqojinin bu təşkilata nəzarəti tamamilə itirməsinə səbəb ola bilərdi: "Yevgen Priqojin ya müstəqil şəkildə təslim olmalı, ya da Müdafiə Nazirliyinə müqavimət göstərməli idi. O, həlledici qərar verməyə məcbur idi. Görünür, "Vaqner” rəhbərliyi ikinci variantı seçib”.
Amerikalı analitiklərin fikrincə, Y.Priqojin yüksək rütbəli rus zabitlərinin və hərbi qulluqçularının etimadını qazanmaq istəyirdi: "Ordu generalı Sergey Surovikin isə onun hərəkətlərini pislədi. Bu, onu deməyə əsas verir ki, "Vaqner” rəhbəri məqsədinə çata bilməyəcək”.
ABŞ İnstitutu xatırladıb ki, Priqojin bütün Rusiya ordusunu "Vaqner”ə qoşulmağa çağırıb: "O, müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu on minlərlə rus əsgərinin əbəs yerə ölümündə günahlandırıb. Y. Priqojin, çox güman "Vaqner”ə verilən dəstəklə bağlı yanılıb. Çünki "Vaqner”in əsas müttəfiqlərindən biri olan S. Surovikin belə "Vaqner”in şəxsi heyətini Priqojinin əmrlərinə tabe olmamağa çağırıb”.
Bildirilib ki, "Vaqner” in açıq-aşkar təhdidlərinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyində ciddi dəyişikliklərin olacağı gözlənilmir: "S. Şoyqu və V. Gerasimov Prezident Vladimir Putinə sadiq kadrlardır. Odur ki, V. Putin ehtimal edilən dəyişlikliyə imkan verməz”.
Qeyd edək ki, ötən gecə Rusiya ordusu "Vaqner”in olduğu düşərgəni bombalayıb. Bundan sonra Y. Priqojin S. Surovikini qisasla hədələyib. "Vaqner”çilər artıq Rusiyanın Rostov şəhərini ələ keçirib.
Xatırladaq ki, V. Priqojin Rusiya Müdafiə Nazirliyini uzun müddətdir tənqid edirdi.
///Report