ABŞ - İran müharibəsi neft qiymətlərinə necə təsir edəcək? - Natiq Cəfərlidən açıqlama

ABŞ - İran müharibəsi neft qiymətlərinə necə təsir edəcək? - Natiq Cəfərlidən açıqlama
DÜNYA
14:58 02.03.2026
226
Qlobal enerji və ticarət marşrutlarının strateji nöqtələrindən biri hesab olunan Hörmüz boğazında mümkün bağlanma riski beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. Bölgədə müşahidə olunan hərbi-siyasi gərginlik bu mühüm su yolunun təhlükəsizliyi və fasiləsiz fəaliyyəti ilə bağlı sualları gündəmə gətirib. Boğazın fəaliyyətindəki məhdudiyyət qlobal enerji təhlükəsizliyinə, beynəlxalq logistika sistemlərinə və ümumilikdə dünya iqtisadi sabitliyinə təsir göstərə bilər. 

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında deyib ki, neftin qiyməti artıq yüksəlməyə başlayıb:

"Hörmüz boğazı ilə bağlı hazırda müvəqqəti də olsa müəyyən çətinliklər mövcuddur. Tankerlərin bir qismi boğazdan keçə bilir. Neftin qiyməti artıq yüksəlməyə başlayıb. İran və İsrail arasında qarşıdurmadan əvvəl neftin qiyməti təxminən 71 dollar səviyyəsində idi. Hazırda isə bu göstərici 81 dollar təşkil edir. Neft qiymətlərinin artması Azərbaycan üçün əlavə valyuta gəlirləri deməkdir”.

N.Cəfərli deyib ki, neftin bahalaşması Avropa Birliyi ölkələrinə zərər verəcək:

"Əgər Hörmüz boğazı tamamilə bağlanarsa, müharibə uzunmüddətli xarakter alarsa və neft qiymətləri daha da yüksələrsə, bu, neft idxal edən ölkələrə ciddi mənfi təsir göstərəcək. Xüsusilə Avropa Birliyi ölkələri neft idxalçısı olduqları üçün bu vəziyyətdən daha çox zərər görə bilərlər. Neftin bahalaşması Avropa Birliyi ölkələrinin onsuz da mürəkkəb olan iqtisadi vəziyyətini daha da ağırlaşdıra bilər. Bu isə onlar üçün enerji daşıyıcılarının və benzinin qiymətinin artmasına, logistika xərclərinin yüksəlməsinə, eləcə də inflyasiyanın sürətlənməsinə səbəb ola bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR