ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır

ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
SOSİAL
16:53 02.03.2026
391
İran və İsrail arasında artan hərbi gərginlik regionun turizm sektoruna ciddi təhdid yaradır. Xüsusilə Yaxın Şərqin əsas turizm və tranzit mərkəzləri olan Dubay və Doha kimi şəhərlərin mümkün hədəfə çevrilməsi ehtimalı beynəlxalq turist axınında azalma riskini artırır. Regionda təhlükəsizlik narahatlıqlarının dərinləşməsi aviadaşımalar, otel rezervasiyaları və ümumilikdə turizm fəaliyyətinə mənfi təsir göstərərək Yaxın Şərqin turizm iqtisadiyyatında qeyri-müəyyənliyi gücləndirə bilər.

Turizm eksperti Ceyhun Aşurov AZXEBER.COM-a açıqlamasında deyib ki, regionda baş verən müharibə şəraiti turizm sektoruna mənfi təsir göstərir:

"Regionda hər hansı gərginlik və ya müharibə şəraitində ilk təsirlənən sahələrdən biri məhz turizm sektoru olur. İnsanlar öz təhlükəsizliklərini prioritet hesab edərək ilk növbədə planlaşdırdıqları səfərləri təxirə salır və ya tamamilə dayandırırlar. İran və İsrail arasında mümkün müharibə bütün regiona, o cümlədən turizm axınına ciddi təsir göstərir”.


Ekspert bildirib ki, hər iki ölkədən Azərbaycana il ərzində xeyli turist gəlirdi:

"Həm İran, həm də İsrail Azərbaycana ən çox turist göndərən ölkələr sırasındadır.  Belə ki, 2024-cü ildə İrandan Azərbaycana 210 min, 2025-ci ildə isə 209 min turist səfər edib. Yəni hər il 200 mindən çox İran vətəndaşı ölkəmizə gəlir. İsraildən isə ötən il Azərbaycana təxminən 69 min turist səfər edib. Bu cür müharibə şəraiti il ərzində həmin ölkələrdən gələn turistlərin sayına ciddi mənfi təsir göstərəcək. Bu təsirin miqyası isə əsasən müharibənin nə qədər davam edəcəyindən asılı olacaq”.

Turizm eksperti deyib ki, ölkələrin hava məkanının bağlanması turist axınına mənfi təsir edəcək:

"Məsələ yalnız iki ölkə arasındakı müharibə ilə məhdudlaşmır. Regionda ümumi gərginliyin artması təhlükəsizlik risklərini yüksəldir və bu, digər ölkələrdən də turist axınına mənfi təsir edir. Eyni zamanda, hava məkanının bağlanması və ya məhdudlaşdırılması körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayında azalmaya səbəb olacaq”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR