ABŞ Maliyyə Nazirliyi martın 20-nə qədər tankerlərə yüklənmiş İran xam neftinin və neft məhsullarının ixracına və satışına icazə verən müvəqqəti lisenziya buraxıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, lisenziya Bakı vaxtı ilə dünən saat 8:00-dan gec olmayaraq gəmilərə yüklənmiş İran neftinin satışı, çatdırılması və ya boşaldılması üçün zəruri olan bütün əməliyyatlara icazə verir. İcazə aprelin 19-na qədər qüvvədədir.
Şimali Koreya, Kuba, eləcə də Ukraynanın işğal olunmuş ərazilərindəki şirkətlərin iştirakı ilə bağlanan sövdələşmələr istisna edilib.
Qərar Yaxın Şərqdəki hərbi əməliyyat səbəbindən dünya enerjidaşıyıcılarının qiymətlərinin kəskin artması ilə əlaqədar qəbul olunub.
Qeyd edək ki, martın 19-da enerjidaşıyıcılarının qiymətlərində kəskin sıçrayış baş verib. London ICE birjasında "Brent" markalı neftin dəyəri martın 9-dan bəri ilk dəfə bir barel üçün 119 dolları keçib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Oxu.Az










































