ABŞ İran və Suriyaya görə İsrailə xəbərdarlıq etdi

ABŞ İran və Suriyaya görə İsrailə xəbərdarlıq etdi
DÜNYA
01:34 29.08.2026
132
ABŞ administrasiyası İsrailə Suriya və İranla bağlı yeni hərbi eskalasiyadan çəkinməsi üçün təzyiq göstərir.

Bu barədə "Al Arabiya” mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Vaşinqton İsraildən Suriya ərazisində yeni qarşıdurmaya səbəb ola biləcək addımlardan çəkinməyi və Dəməşqlə əldə edilmiş razılaşmalara əməl etməyi tələb edir.

ABŞ administrasiyasının əsas məqsədi regionda yeni cəbhələrin açılmasının və mövcud qarşıdurmanın daha da genişlənməsinin qarşısını almaqdır. Xüsusilə Qəzza zolağı və Livanda gərginliyin davam etdiyi bir vaxtda Vaşinqton əlavə hərbi eskalasiyanın yaranmasını istəmir.

Mənbələrin sözlərinə görə, İsrail ABŞ-ın bu tələblərinə cavab olaraq Qəzza və Livana "dövri və məhdud” zərbələr endirməyə davam edəcəyini Amerika tərəfinə bildirib.

Bununla yanaşı, "Al Arabiya”nın mənbələri ABŞ Prezidenti Donald Tramp administrasiyasının İsrailə İranla bağlı da xəbərdarlıq etdiyini bildiriblər.

Vaşinqton İsraili İrana qarşı birtərəfli hərbi zərbələr endirməkdən çəkinməyə çağırıb.

Məlumata görə, bu mövqe ABŞ-ın İranla bağlı hazırkı strategiyası ilə əlaqədardır. Vaşinqton bir tərəfdən Tehrana hərbi və iqtisadi təzyiqi davam etdirmək, digər tərəfdən isə diplomatik danışıqlara qayıtmaq imkanını qorumaq niyyətindədir.

Bu səbəbdən ABŞ administrasiyası İsrailin İrana qarşı müstəqil hərbi əməliyyatının regionda vəziyyəti yenidən nəzarətdən çıxara biləcəyindən ehtiyat edir.
OXŞAR XƏBƏRLƏR