ABŞ müdafiə nazirinin həyat yoldaşı məxfi görüşlərdə iştirak edib

ABŞ müdafiə nazirinin həyat yoldaşı məxfi görüşlərdə iştirak edib
DÜNYA
16:42 29.03.2025
278
ABŞ müdafiə naziri Pit Heqseth həyat yoldaşı Cennifer Heqsethi xarici hərbi liderlərlə həssas məlumatların müzakirə olunduğu iki görüşə aparıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal”da yazı dərc edilib.

Məlumata görə, keçmiş "Fox News” prodüseri olan Cennifer Heqseth ABŞ Müdafiə Nazirliyində rəsmi vəzifə daşımır. Buna baxmayaraq, o, Böyük Britaniyanın müdafiə naziri Con Healey ilə Pentaqonda və NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukrayna ilə bağlı müzakirələrdə iştirak edib.

Yazıda qeyd olunur ki, Con Healey ilə görüş ABŞ-ın Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığına dair açıqlamasından bir gün sonra baş tutub.

NATO-nun ABŞ-ın rəhbərlik etdiyi Ukraynanın Müdafiə Təmas Qrupunun toplantısında isə 50 ölkənin nümayəndələri iştirak edib. Burada məxfi məlumatlar, o cümlədən Ukraynaya edilən ianələr və hərbi yardımlar müzakirə olunub.

Mənbələrin "WSJ”-yə verdiyi məlumata görə, görüşlərdə iştirak edən bəzi rəsmilər Cennifer Heqsethin kim olduğunu bilməyiblər. Digərləri isə onun iştirakına təəccüblənsələr də, görüşlərin keçirilməsinə icazə veriblər.
OXŞAR XƏBƏRLƏR