AZXEBER.COM Metbuat.az-a istinadən xəbər verir ki, araşdırmalara görə, ağcaqanadların hədəf seçməsində bədən qoxusu, bədən istiliyi və nəfəs vasitəsilə xaric olunan karbon qazı əsas rol oynayır. Yalnız dişi ağcaqanadlar insanları dişləyir və onlar inkişaf etmiş hiss orqanları sayəsində uyğun hədəfi müəyyən edirlər.
Araşdırmalar göstərir ki, ağcaqanadların insanlara yönəlməsi qan qrupu, göz və ya saç rəngi ilə əlaqəli deyil. Əsas fərqləndirici amil isə insan dərisində yaranan kimyəvi birləşmələrdir.
Xüsusilə "1-okten-3-ol” adlı maddənin miqdarının yüksək olduğu insanlarda ağcaqanadların daha çox cəlb olunduğu müəyyən edilib. Bu birləşmə dəridəki yağların parçalanması nəticəsində əmələ gəlir və hətta kiçik dəyişikliklər belə cəlbediciliyi artıra bilir.
Bundan başqa, tədqiqatlar alkoqollu içkilərin, xüsusilə pivənin də ağcaqanadları cəlb etmə ehtimalını artırdığını göstərir. Alkoqol bədən istiliyini yüksəldir, nəfəsdə karbon qazının miqdarını artırır və dəridəki qoxu profilini dəyişir.











































