“AccessBank” zərər etdi - 2 milyon 346 min manat

İQTİSADİYYAT
13:21 15.04.2015
3211

Yüz faiz xarici kapitallı bank olan “AccessBank” QSC uzun müddətdir mənfəətlə işlədikdən sonra zərər edib.

“Marja” Bankın açıqladığı maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Bank 2015-ci ilin birinci rübünü 2 milyon 346.32 min manat xalis zərər ilə başa vurub.

Bankın birinci rübdə cəmi gəlirləri təxminən 45 milyon manat təşkil edib.“AccessBank”46 milyon 306 min manat faiz gəlirləri əldə etdiyi halda, qeyri-faiz gəlirləri üzrə 1 milyon 276 min manat zərər edib.

DEVALVASİYADA 5 MİLYON MANATDAN ÇOX İTİRİB

“AccessBank”ın qeyri-fazi gəlirləri üzrə zərəri məzənnə dəyişməsi (devalvasiya) nəticəsində yaranıb. Belə ki, bank qeyri-faiz gəlirlərinə daxil olan hesabların aparılması üzrə xidmətlərdən 3 milyon 674 min manat komisyon gəliri, 114.84 min manat digər qeyri-faiz gəlirləri əldə etdiyi halda, Bankın məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis zərəri 5 milyon 65.29 min manat təşkil edib.

ÖTƏN İLİN BİRİNCİ RÜBÜNDƏ 16,4 MİLYON QAZANMIŞDI

Qeyd edək ki, 2014-cü ilin birinci rübündə “AccessBank”ın cəmi gəlirləri 39 milyon 745 min manat, xalis mənfəəti isə 16 milyon 403 min manat təşkil etmişdi.

PROBLEMLİ KREDİTLƏR 11 DƏFƏDƏN ÇOX ARTIB

Birinci rübdə “AccessBank”ın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 103,8 milyon manat və ya 12,6% artaraq 925,3 milyon manata çatıb.

Diqqəti cəlb edən Bankda problemli kreditlərin artmasıdır. Əgər ötən ilin Mart ayının sonunda Bankda vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 0,83% və ya 4,3 milyon manat təşkil edirdisə, bu ilin eyni dövründə nisbət 5,35%-ə çıxıb (Məbləğ olaraq 49,48 milyon manat).

ZƏRƏRİN İKİNCİ SƏBƏBİ PROBLEMLİ KREDİTLƏRİN ARTMASIDIR

“AccessBank”ın zərərinin artması problemli kreditlərin artması ilə bağlıdır. Bank gəlirlərinin böyük bir hissəsini kreditlər üzrə ehtiyatlara yönəltdiyindən xərclər artıb. Halbuki, Bank 2014-cü ilin birinci rübü ilə müqayisədə daha çox gəlir əldə edib.

İlin əvvəli ilə müqayisədə Bankın kreditlər üzrə adi ehtiyatlarının məbləği 4,2 milyon manat artırılaraq 12,21 milyon manata, məqsədli ehtiyatlarının məbləği isə 3,64 milyon manat artırılaraq 7,25 milyon manata çatdırılıb. /// marja.az

OXŞAR XƏBƏRLƏR