Ötən gecə Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, 8 mülki şəxsi isə yaralanıb.
Ağdamın Çəmənli kəndinin bələdiyyə sədri Pənah Hüseynov azvision.az-a açıqlamasında deyib ki, düşmən təxribatı nəticəsində həlak olan kənd sakini Famil Əli oğlu Mustafayev birinci Qarabağ müharibəsinin veteranı olub.
"1966-cı il təvəllüdlü Famil Mustafayev Qarabağ döyüşlərində iştirak edib, qazidir. Familin 3 övladı var. Hazırda mərhumla dəfn mərasimi keçirilir".
Qeyd edək ki, ermənilərin açdığı atəş nəticəsində yaralanan mülki şəxslərdən ikisinin vəziyyəti ağırdır. Onlar 1966-cı il təvəllüdlü, Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü, Əfəndili kənd sakini Məmmədov Elnurdur.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.