Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 31 dekabr - Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbiri rektor Timuçin Əfəndiyev açaraq bütün professor-müəllim və tələbə heyətini bu bayram münasibətilə təbrik edib və təməli ulu öndər Heydər Əliyev tərfindən qoyulmuş 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən danışıb: “Bu bayram ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İlk dəfə 1991-ci il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında ümummilli liderin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı milli birliyə çağırmışdır. Məhz bundan sonra dünyada yaşayan azərbaycanlılar bir ideya ətrafında sıx birləşdilər.”
Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli öz çıxışında həmrəylik gününün ideoloji mahiyyətindən söz açdı: “Milli birliyin ideoloji əsası olan azərbaycançılıq məfkurəsi ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Dünya azərbaycanlılarının birliyi, dövlət müstəqilliyimizin dönməzliyi, Vətənin bütövlüyü, mənəvi-əxlaqi dəyərlərə sadiqlik bu məfkurənin əsaslarındandır”. Çıxışını davam etdirən natiq Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd olunmasını xalqımızın milli-mənəvi varlığını təsdiq edən amillərdən biri kimi dəyərləndirdi. Bu bayramın əsas məzmununun Azərbaycan xalqının vətənə bağlılıq, milli həmrəylik, milli birlik, azərbaycançılıq duyğusu və ideyaları ilə bağlı olduğunu vurğuladı.