ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLAR

ADNSU-da 30 aprel terror qurbanları anılıb - FOTOLAR
SOSİAL
17:55 30.04.2025
181
Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2009-cu il 30 aprel tarixində törədilmiş terror aktının qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və faciə qurbanlarının yaxınları iştirak ediblər. Əvvəlcə terror hadisəsində həlak olanların xatirəsinə ucaldılmış barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.
Anım mərasimində çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov terror hadisəsinin dəhşətindən danışaraq universitetin dəyərli müəllim və tələbələrinin həyatına son qoyulan bu faciənin Azərbaycan cəmiyyətində dərin iz buraxdığını bildirib. O, həmçinin Vətən müharibəsində şəhid olmuş universitetin 23 məzununun və 30 aprel terror aktının qurbanlarının xatirəsinin ADNSU-da daim əziz tutulduğunu vurğulayıb.
Tədbir zamanı faciəni əks etdirən videoçarx nümayiş etdirilib.
Daha sonra hadisənin canlı şahidi, İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin dekanı, dosent Fərid Ağayev çıxış edərək 16 il əvvəl baş vermiş terror aktı ilə bağlı acı xatirələrini bölüşüb.
Mərasimdə terror qurbanlarının ailə üzvləri də çıxış ediblər. Onlar universitet rəhbərliyinə göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında (indiki ADNSU) baş vermiş silahlı hücum nəticəsində 12 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb. 2017-ci ildə universitetin II tədris korpusunun foyesində faciə qurbanlarının xatirəsinə barelyef ucaldılıb. Hər il həmin tarixdə universitetdə anım mərasimi keçirilir və terrorun qurbanları dərin hörmətlə yad edilir.
 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR