Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XVII
Məzun–Karyera Sərgisi keçirilib.
AZXEBER.COM xəbər verir ki, "Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə 70-dən çox yerli və
beynəlxalq şirkət iştirak edib.
SOCAR Polymer, BP Azerbaijan, "Azərenerji”, "Azərsun
Holdinq”, Nobel Energy, Deloitte, Saipem, EY Azerbaijan, Turan Drilling və digər nüfuzlu
şirkətlər tələbə və məzunlara vakansiya və təcrübə proqramlarını təqdim ediblər.
ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı və ADNSU TGT
nəzdində fəaliyyət göstərən "CareerPlus” klubunun dəstəyi ilə keçirilən sərginin açılış
mərasimində çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov iştirakçıları
salamlayaraq XVII Məzun–Karyera Sərgisinin universitetlə sənaye müəssisələri
arasında əməkdaşlığın inkişafı baxımından mühüm platforma olduğunu bildirib.
Rektor
bu cür sərgilərin tələbə və məzunların əmək bazarının tələbləri ilə yaxından tanış
olmasına, nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə, işəgötürənlərlə
birbaşa əlaqə qurmasına və gələcək peşə fəaliyyətinə daha hazırlıqlı şəkildə
başlamaları üçün fürstət kimi dəyərləndirib.
ADNSU-nun sənaye müəssisələri ilə əməkdaşlığının ildən-ilə genişləndirildiyini diqqətə
çatdıran Rüfət Əzizov universitet məzunlarının işə düzəlmə göstəricisinin yüksək
olduğunu bildirib.
O, bunu ADNSU-da hazırlanan ixtisaslı kadrların ölkənin neft-qaz,
energetika, informasiya texnologiyaları və digər strateji sahələrində böyük tələbat
görməsinin göstəricisi kimi qiymətləndirib.
Tədbir çərçivəsində iştirakçılar sərgi stendləri ilə tanış olub, şirkət nümayəndələri ilə
görüşlər keçiriblər. Tələbə və məzunlar şirkət nümayəndələri ilə birbaşa ünsiyyət
quraraq karyera imkanları, işə qəbul prosesi və peşə inkişafı istiqamətində məlumat
əldə ediblər.
Qeyd edək ki, sərginin əsas məqsədi tələbə və məzunların əmək bazarı ilə əlaqələrinin
gücləndirilməsi, onların peşəkar inkişafına dəstək göstərilməsi və universitet–sənaye
əməkdaşlığının genişləndirilməsi olub.


















































