Mayın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) STP Şirkətlər Qrupu və "Azroksan” MMC-nin nümayəndə heyəti ilə görüş keçirilib.
AZXEBER.COM xəbər verir ki, "Azroksan” MMC-nin baş direktoru Mehmet Ali Tahancalıonun rəhbərlik etdiyi nümayəndə heyəti ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla görüşüb. Görüşdə tərəflər ali təhsil müəssisəsi ilə sənaye sektoru arasında əməkdaşlıq imkanlarını, birgə layihə və təşəbbüsləri müzakirə ediblər.
Görüş zamanı dosent Rüfət Əzizov qonaqları universitetdə salamlayaraq ADNSU-nun fəaliyyəti və tədris imkanları barədə ətraflı məlumat verib. O bildirib ki, hazırda universitetdə 20 minə yaxın tələbə 30-dan çox ixtisas üzrə təhsil alır və bu ixtisaslardan 18-i beynəlxalq akkreditasiyadan keçib. Rektor ikili diplom proqramları, beynəlxalq tərəfdaşlıqlar və sənaye müəssisələri ilə əməkdaşlığın əhəmiyyətinə toxunaraq qeyd edib ki, bu cür tərəfdaşlıqlar tələbələrin praktiki biliklər əldə etməsi, işlə təminatı və sənayenin kadr ehtiyaclarının ödənməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, müəllim heyətinin də müasir istehsalat prosesləri ilə tanış olması üçün yeni imkanlar yaranır.
"Azroksan” MMC-nin baş direktoru Mehmet Ali Tahancalıonun rəhbərlik etdiyi şirkət haqqında məlumat verərək orada çalışan gənc əməkdaşlar arasında ADNSU məzunlarının çoxluğunu xüsusi vurğulayıb. O, universitetin kadr potensialını yüksək qiymətləndirib və tələbəyönümlü proqramların həyata keçirilməsi ilə bağlı əməkdaşlığa hazır olduqlarını bildirib.
Görüş çərçivəsində qonaqlar ADNSU və UFAZ-ın laboratoriyaları, kompüter otaqları ilə də tanış olublar. Universitetin maddi-texniki bazası, elmi potensialı və sənaye ilə əməkdaşlıq imkanları nümayəndələr tərəfindən yüksək qiymətləndirilib.