"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) 1 iyul 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda biznes sinfini ləğv edib.
Bu addım biznes sinfindən istifadə edən sərnişinlər tərəfindən birmənalı qarşılanmayıb.
İyulun 1-dən qatarlarda biznes sinfinin ləğv edilməsinin səbəbi ilə bağlı "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyi şöbəsinin rəisi Sənubər Nəzərova AZXEBER.COM-a açıqlama verib.
O bildirib ki, Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarların ekonom vaqonlarında müşahidə olunan sərnişin sıxlığının aradan qaldırılması məqsədilə 1 iyul tarixindən etibarən biznes vaqonundan ekonom vaqon kimi istifadə olunması təmin olunur.
Qurum rəsmisi qeyd edib ki, müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər:
"Bu halda ödəniş ekonom vaqon üçün müəyyən olunmuş tarif üzrə həyata keçiriləcək. ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 AZN təşkil edir. Sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər”.
Şəbnəm Zahir