“Azərbaycanda belə hadisələr tez-tez yaşanır” – Uşağını başqa ailəyə “hədiyyə” edənləri bu cəza gözləyir

“Azərbaycanda belə hadisələr tez-tez yaşanır” – Uşağını başqa ailəyə “hədiyyə” edənləri bu cəza gözləyir
SOSİAL
13:03 09.04.2026
791
Sumqayıtda 6 uşağın dəm qazından zəhərlənməsi ilə bağlı hadisə ətrafında yeni məqamlar üzə çıxıb. Zərərçəkən uşaqların atası Kamil Cəbrayılov APA TV-yə açıqlamasında bildirib ki, ailədə ümumilikdə 9 uşaq olsa da, onlardan biri başqa ailəyə verilib. Bu fakt hadisə ilə bağlı diqqəti daha da artırıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Uşağın başqa ailəyə verilməsi bəzi istifadəçilər tərəfindən qanuna zidd hal kimi qiymətləndirilib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov AZXEBER.COM-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı rəsmi araşdırma aparılmadan uşağın qanunsuz yolla verildiyini iddia etmək hüquqi baxımdan düzgün deyil:

"Fakt üzrə müvafiq araşdırma aparılmadan uşağın qanunsuz yolla verildiyini və ya konkret cinayət tərkibinin mövcud olduğunu qəti şəkildə iddia etmək düzgün deyil. Eyni zamanda, uşağa münasibətdə əşya və ya mülki dövriyyə obyekti təsəvvürü yaradan ifadələrdən istifadə olunması da yolverilməzdir. Çünki uşaq hüquqları qanunla xüsusi qaydada qorunan və müstəqil hüquq subyekti kimi tanınır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və bu vəzifənin yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə qanunvericiliyi də valideyn-övlad münasibətlərini hüquq və vəzifələr çərçivəsində tənzimlədiyindən, bu münasibətlərə məişət və ya əmlak yanaşması hüquqi baxımdan qəbuledilməzdir”.


Hüquqşünas vurğulayıb ki, əgər fakt təsdiqini taparsa, məsul şəxslər ciddi cəza ilə üzləşə bilər:

"Araşdırma nəticəsində yetkinlik yaşına çatmayan şəxsin istismar məqsədilə verilməsi müəyyən edilərsə, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.3-cü maddəsi ilə qiymətləndirilə bilər və təqsirli şəxs 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilər. Əgər məsələ istismar məqsədi daşımırsa və uşağın övladlığa götürülməsi, qəyyumluğa və ya himayədar ailəyə verilməsi ilə bağlı qanunsuzluqlardan gedirsə, bu halda əməl Cinayət Məcəlləsinin 174-cü maddəsi üzrə tövsif oluna bilər. Həmin maddəyə əsasən, belə hallar tamah məqsədi ilə törədildikdə min beş yüz manatdan iki min manatadək cərimə, bir ilədək islah işləri və ya altı ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.

Qeyd olunub ki, bu kimi hallarda hüquqi qiymətləndirmə yalnız konkret faktlar, sübutlar və səlahiyyətli qurumların apardığı araşdırmanın nəticələri əsasında verilməlidir.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR