Son illər süni intellekt texnologiyalarının sürətlə yayılması uşaqların gündəlik həyatına və təhsil prosesinə də ciddi təsir göstərir. Şagirdlər süni intellektdən yalnız dərs tapşırıqlarının yerinə yetirilməsi və məlumat əldə etmək üçün deyil, bəzən şəxsi suallarına cavab tapmaq, məsləhət almaq və ünsiyyət qurmaq məqsədilə də istifadə edirlər. Bu texnologiyaların yaratdığı imkanlarla yanaşı, uşaqların müstəqil düşünmə, araşdırma və qərarvermə bacarıqlarına mümkün mənfi təsirləri də narahatlıq doğurur.
Bəs uşaqların süni intellektdən istifadəsinə nəzarət edilməli, hətta müəyyən yaş məhdudiyyətləri tətbiq olunmalıdırmı?
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, şagirdlərin ev tapşırıqlarını, ümumiyyətlə, ev hazırlıqlarını, inşa və təqdimatlarını süni intellekt vasitəsilə yerinə yetirmələri təhsil keyfiyyətinə mənfi təsir göstərir:

"Süni intellektdən yalnız bilik və bacarıqları inkişaf etdirmək, müəyyən istiqamət üzrə araşdırma aparmaq və daha dəqiq məlumatlar əldə etmək məqsədilə istifadə oluna bilər. Lakin konkret olaraq hər hansı inşa mövzusunu süni intellektə verərək yazdırmaq və həmin mətni olduğu kimi istifadə etmək şagirdin nəsə öyrənməsinə gətirib çıxarmır. Ona görə də valideynlərin bu məsələdə mütləq diqqətli olmaları vacibdir. Təbii ki, bu hal və tendensiya davamlı xarakter alarsa, şagirdlərdə nitq və hətta əqli inkişaf baxımından geriləməyə, eləcə də onların elmə və təhsilə marağının azalmasına səbəb ola bilər”.
Ekspert qeyd edib ki, süni intellektdən, qeyd etdiyim kimi, müəyyən məlumatları daha dəqiq araşdırmaq, yaxud ehtiyac yarandıqda hər hansı düsturu, sözün düzgün yazılışını və bu kimi məsələləri dəqiqləşdirmək üçün istifadə etmək olar:
"Amma bütün tapşırıqları bütövlükdə süni intellekt vasitəsilə yerinə yetirmək doğru deyil. Süni intellektdən istifadəyə yaş məhdudiyyətinin tətbiqinə gəlincə, düşünmürəm ki, buna ehtiyac var. Çünki istənilən halda şagirdlər bu platformalar vasitəsilə müəyyən biliklər əldə edə bilərlər. Sadəcə, valideynlər övladlarının süni intellekt platformalarından necə istifadə etdiklərinə, hansı məzmunlara müraciət etdiklərinə və bu vasitələrdən hansı məqsədlə yararlandıqlarına nəzarət etməlidirlər”.
Psixoloq Elmir Əlbər isə bildirib ki, hətta böyüklər belə süni intellektdən 99 faiz hallarda yanlış şəkildə istifadə edirlər:
"Bu isə yolverilməzdir. Yaxın vaxtlarda televiziya əməkdaşlarımızdan birinin mənə danışdığı hadisə heç yadımdan çıxmır. Belə ki, onun yaxın rəfiqəsinin yeniyetmə övladı süni intellektlə ünsiyyət zamanı özünü öldürməyin daha asan üsullarını öyrənməyə çalışırmış. Valideyni bundan xəbər tutanda, sözün əsl mənasında, şoka düşüb. Unutmamalıyıq ki, süni intellekt, əslində, daha təkmil axtarış vasitəsidir. Əvvəllər Google, Yandex kimi axtarış portalları var idi. İndi isə süni intellekt bizə lazım olan məlumatları daha rahat şəkildə axtararaq təqdim edir. Lakin süni intellekt insanın həyata keçirməli olduğu missiyaları və funksiyaları öz üzərinə götürməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, yeniyetmələr və uşaqlar özlərinə dost axtardıqları bir yaş dövründə olurlar. Buna görə də onlar daha məhrəm və səmimi ünsiyyətə, söhbətlərə meyil edirlər. Bəzən qarşılarında bir robotun dayandığını unudur, onu insan və şəxsiyyət kimi qəbul edirlər. Bu isə gələcəkdə onların psixikasında çox təhlükəli deformasiyalara səbəb ola bilər”.
Psixoloq vurğulayıb ki, süni intellekt mühitində böyüyən uşaqların gələcəyi böyük təhlükə altındadır:
"Bunun nəticələrini zaman keçdikcə əyani şəkildə görəcəyik. Ona görə də valideynlər çox diqqətli olmalı, ilk növbədə övladlarının həyatının sağlam və düzgün şəkildə təşkilinə çalışmalıdırlar. Uşaqların müxtəlif dostları və yaxınları olmalı, dərnəklərə getməli, sosiallaşmalı və sağlam mühitdə böyüməlidirlər. Eyni zamanda, müəyyən dövrlərdə onların peşəkar həkim-psixoterapevtlərin müayinəsindən keçməsi də vacibdir. Burada psixiatrdan deyil, məhz tibbi təhsili olan psixoterapevtdən və onun konsultasiyalarından söhbət gedir. Gəlin etiraf edək ki, yeniyetməlik dövründə, hətta uşaqlıqda belə, heç birimiz bəzi məqamları valideynlərimizə danışmamışıq, müəyyən məsələləri bölüşməkdən çəkinmişik. Bunun müxtəlif səbəbləri var. Ən azı valideynlə övlad arasında müəyyən hörmət pərdəsi olur ki, bu da bəzən hər şeyi olduğu kimi, çılpaqlığı ilə bölüşməyə mane olur. Ona görə də ayıq-sayıq olmaq lazımdır. Süni intellekt canlı insan deyil. Bunu daim diqqətdə saxlamalıyıq”.
Aynur Babazadə











































