"Elm və Təhsil Nazirliyinin məktəblərdə TikTok platformasına girişin məhdudlaşdırılması ilə bağlı atdığı addım təqdirəlayiqdir”
Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov AZXEBER.COM-a açıqlamasında bildirib.

O qeyd edib ki, sosial media uşaqların tərbiyəsinə ciddi təsir göstərir:
"Bu gün hər birimiz bilirik ki, sosial media hər birimizin, xüsusilə də uşaqların tərbiyəsinə ciddi təsir göstərir. Bu gün gənclərin çoxu, xüsusilə də, TikTok-dan geniş istifadə edir. Təbii ki, sosial medianın müsbət tərəfləri ilə yanaşı, bir sıra mənfi tərəfləri də var. Bunu hər birimiz bilirik və zaman-zaman müşahidə edirik. Atılan bu cür addımlar uşaqlarımızı və ailələrimizi qorumaq baxımından olduqca önəmlidir”.
Parlamentari qeyd edib ki, uşaqlar sərbəst şəkildə sosial mediadan istifadə etməməlidirlər:
"Hesab edirəm ki, valideynlər də bu istiqamətdə çalışmalı, bu prosesə öz dəstəklərini verməlidirlər. Uşaqlar sosial mediadan sərbəst şəkildə istifadə etməməlidirlər. Belə bir addımın atılması uşaqların tərbiyəsinə, sağlam ruhda böyüməsinə və inkişafına öz töhfəsini verəcək”.
"Ümumiyyətlə, uşaqların internetə və sosial mediaya sərbəst çıxışına ciddi nəzarət olunmalıdır. Bu mənada belə addımların atılması olduqca önəmlidir və bu kimi məsələlərə cəmiyyət də, ictimaiyyət də dəstək verməlidir”,-deyə deputat vurğulayıb.
Şahanə Ziyad











































