Valideynlərin ali təhsil alan övladlarına universiteti bitirənədək aliment ödəməsi təklif olunur.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Ailə Məcəlləsinə dəyişiklik edilməsini və ali təhsil alan övladlara 23 yaşınadək aliment ödənilməsinin qanunla məcburi öhdəlik kimi müəyyənləşdirilməsini təklif edib.
Deputatın sözlərinə görə, hazırda nikahı pozulmuş valideynlərin aliment öhdəliyi övladlarının 18 yaşına çatması ilə başa çatır. Halbuki ali təhsil alan gənclərin də maddi dəstəyə ehtiyacı var.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan sosioloq Mətanət Məmmədova bildirib ki, ali təhsil alan övladlara aliment ödənilməsi universitet təhsili başa çatanadək davam etməlidir:
"Hər bir uşağa ödənilən aliment universitet təhsilini başa çatdırana qədər davam etməlidir. Çünki gənc universiteti bitirdikdən sonra müstəqil həyata qədəm qoyur və həmin dövrdən etibarən işləmək, öz gəlirini əldə etmək imkanı yaranır. Bu baxımdan, tələbəlik illərində alimentin ödənilməsi gəncin həyatını xeyli asanlaşdırar.
Digər tərəfdən, bu məsələ boşanmış valideynlərin hər ikisinin üzərinə əlavə məsuliyyət qoyur. İstər ana, istərsə də ata olsun, valideynlər övladlarının maddi təminatında iştirak etməlidirlər. Bu, boşanmanın hansı tərəfin təşəbbüsü ilə baş verməsindən asılı olmamalıdır. Hər iki valideyn bu məsuliyyəti öz üzərinə götürməlidir. Əgər övladı dünyaya gətirmisənsə, onun həyatında hər zaman iştirak etməlisən. Axı sən övladından deyil, həyat yoldaşından boşanmısan”.
Sosioloqun sözlərinə görə, alimentin ödənilməsindən yayınan valideynlərə qarşı daha ciddi nəzarət və cərimə mexanizmləri tətbiq olunmalıdır:
"Təəssüf ki, bu gün alimenti vaxtında ödəmək istəməyən, hətta ümumiyyətlə ödəməkdən yayınan valideynlər də var. Bəzən məsələ məhkəmə müstəvisinə qədər gedib çıxır, icra məmurları dəfələrlə müdaxilə etdikdən sonra alimenti əldə etmək mümkün olur.
Hesab edirəm ki, alimentin universitet təhsili başa çatanadək ödənilməsinin qanunvericilikdə rəsmiləşdirilməsi məqsədəuyğun olardı. Eyni zamanda, alimentin hansı yaş dövründə – uşaqlıq, yeniyetməlik və ya gənclik çağında ödənilməsindən asılı olmayaraq, bu öhdəliyə əməl olunmasına ciddi nəzarət edilməlidir. Bununla yanaşı, alimenti vaxtında ödəməyən valideynlərə qarşı cərimə mexanizmi də tətbiq olunmalıdır. Valideyn övladına təyin edilmiş alimenti vaxtında ödəmədikdə müəyyən maliyyə sanksiyaları ilə üzləşməlidir. Bu, aliment öhdəliyindən yayınmanın qarşısını almaq və uşaqların maddi təminatını vaxtında həyata keçirmək baxımından vacibdir”.
Fəridə Əsədzadə











































