Azərbaycanda səhiyyə sisteminin fəaliyyəti, tibbi xidmətlərin keyfiyyəti və vətəndaşların bu sahədə üzləşdikləri problemlər daim aktual məsələlərdən biri olub. Bu gün də Azərbaycanda səhiyyə sisteminin idarə olunması ilə bağlı mühüm dəyişiklik edilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Digər sərəncamla isə Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
Bəs TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi Azərbaycan səhiyyəsində hansı dəyişikliklərə səbəb olacaq?
Professor Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında deyib ki, bu çox düzgün qərardır:

"Bu, xeyli vaxtdır gözlənilən dəyişiklik idi. Mən hesab edirəm ki, bu, düzgün qərardır. Bu qərarın müsbət nəticələr verəcəyi proqnozlaşdırılır. Çünki vahid rəhbərlik daha effektivdir. Amma ən əsas məsələ işə necə yanaşılmasıdır. Yeni yaradılan qurum səhiyyəni vahid sistem şəklində birləşdirməlidir. Azərbaycan səhiyyəsini Qərb standartları səviyyəsinə çatdırmaq, həm peşəkarlığı, həm də vətəndaş məmnunluğunu artırmaq üçün lazımi tədbirlər görülməlidir. İş düzgün təşkil olunmalıdır. Hər halda, vahid qurum olduğu zaman bunun üçün imkanlar yaranacaq. Çünki səlahiyyətlər bir yerdə cəmləşəcək”.
Şahanə Ziyad











































