İsmayıllıda sakinlərin səbr kasası daşdı – Aylardır qalan şikayətlər həll olunmur

İsmayıllıda sakinlərin səbr kasası daşdı – Aylardır qalan şikayətlər həll olunmur
SOSİAL
14:31 12.11.2026
43
İsmayıllı rayonunda bir sıra kəndlərdə yol, elektrik enerjisi, işıqlandırma və digər infrastruktur problemləri sakinlərin narazılığına səbəb olub. Rayon sakinləri mövcud çətinliklərin uzun müddətdir həll edilmədiyini bildirərək sosial şəbəkələrdə şikayətlərini dilə gətiriblər.

AZXEBER.COM xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin sosial şəbəkə hesabında yayımlanan paylaşıma münasibət bildirən sakinlər rayonun müxtəlif ərazilərindəki problemləri diqqətə çatdırıblar.

Xüsusilə Qalagah kəndinin sakinləri aylar əvvəl keçirilən səyyar qəbul zamanı qaldırdıqları problemlərin indiyədək həll edilmədiyini bildiriblər. Onların sözlərinə görə, həmin qəbulda kənd yollarının vəziyyəti, elektrik enerjisi, məişət tullantılarının daşınması, məktəbin və kənd inzibati binasının su sayğacları, eləcə də poçt şöbəsinin fəaliyyəti ilə bağlı məsələlər səsləndirilib. Lakin sakinlər sadalanan problemlərin heç birinin həll olunmadığını qeyd ediblər.

Şikayətlərdə xüsusilə məktəbin su təminatı məsələsinə diqqət çəkilib. Sakinlər məktəbə su sayğacının quraşdırılması və şagirdlərin təmiz, fasiləsiz su ilə təmin olunması üçün problemin səyyar qəbul səviyyəsinə çatdırılmasına ehtiyac olmamalı olduğunu vurğulayıblar. Onlar dəfələrlə rəsmi müraciət etmələrinə baxmayaraq, problemin həll edilməməsindən narazılıqlarını ifadə ediblər.

Bundan başqa, rayonun işıqlandırma sistemindəki problemlərin də aradan qaldırılması istənilib.

Çəmənli kəndinin sakinləri də yol probleminin həllini gözlədiklərini bildiriblər. Qurbanəfəndi kəndinin yollarının vəziyyəti ilə bağlı da şikayət səsləndirilib. Sakinlər həmin ərazilərdə yol infrastrukturunun yaxşılaşdırılmasını istəyiblər.

Bununla yanaşı, İsmayıllı şəhərinin mərkəzi yollarının vəziyyətinə də diqqət ayrılması xahiş olunub.

Sakinlər rayonun kənd və şəhər ərazilərində mövcud olan problemlərin həllinə diqqət yetirilməsini və uzun müddətdir gözlənilən işlərin həyata keçirilməsini istəyirlər.

Aynur Babazadə
OXŞAR XƏBƏRLƏR