Füzuli Rayon İcra Hakimiyyətinin rəsmi "Instagram” səhifəsində paylaşımların şərh bölməsi bağlanıb.
AZXEBER.COM xəbər verir ki, hazırda səhifədəki paylaşımların altında istifadəçilərin şərh yazması mümkün deyil. Bu isə vətəndaşların sosial şəbəkə vasitəsilə quruma suallar ünvanlamaq, müraciətlərini və paylaşımlarla bağlı fikirlərini bildirmək imkanlarını məhdudlaşdırır.
Qeyd edək ki, dövlət qurumlarının sosial şəbəkə hesabları yalnız rəsmi məlumatların yayımlandığı platformalar deyil, həm də vətəndaşlarla birbaşa ünsiyyət vasitələridir. Xüsusilə yerli icra hakimiyyətləri üçün sakinlərin müraciətlərini, iradlarını və təkliflərini dinləmək ictimaiyyətlə əlaqələrin mühüm tərkib hissəsidir.
Belə bir şəraitdə şərh bölməsinin bağlanması suallar doğurur. Vətəndaşların qurumun fəaliyyəti ilə bağlı fikirlərini açıq şəkildə ifadə etmək imkanının məhdudlaşdırılması ictimai kommunikasiya baxımından diqqət çəkir.
Dövlət qurumları təkcə uğurlarını paylaşmaqla kifayətlənməməli, eyni zamanda tənqid və təkliflərə də açıq olmalıdırlar. Çünki ictimai etimadın formalaşmasında şəffaflıq və vətəndaşlarla açıq dialoq mühüm rol oynayır.
Fəridə Əsədzadə













































