Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?

Bu ölkələrin Konstitusiyası yoxdur – Bəs necə idarə olunurlar?
SOSİAL
11:08 12.11.2026
28
Bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsindən 31 il ötür.

Ölkənin Əsas Qanunu 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.

Dünyanın əksər ölkələrində dövlətin idarəçilik prinsiplərini, hakimiyyətin səlahiyyətlərini və vətəndaşların hüquqlarını müəyyən edən yazılı konstitusiya mövcuddur. Lakin bəzi dövlətlərdə bu qaydalar vahid sənəddə əks olunmayıb.

AZXEBER.COM vahid yazılı konstitusiyası olmayan ölkələri araşdırıb.

Bu ölkələr arasında Böyük Britaniya, Yeni Zelandiya və İsrail xüsusi yer tutur. Bununla yanaşı, San-Marino və Səudiyyə Ərəbistanının da fərqli konstitusion idarəçilik modelləri var.

Böyük Britaniya vahid yazılı konstitusiyası olmayan ən məşhur ölkələrdən biridir. Burada dövlətin idarəçilik prinsipləri müxtəlif qanunlar, məhkəmə qərarları və əsrlər ərzində formalaşmış siyasi ənənələr əsasında tənzimlənir.

Yeni Zelandiya da vahid konstitusiya sənədinə malik deyil. Ölkənin idarəçilik sistemi parlament aktlarına, məhkəmə qərarlarına və 1840-cı ildə imzalanmış Vaytanqi müqaviləsi kimi tarixi sənədlərə əsaslanır.

İsraildə isə vahid konstitusiya əvəzinə Əsas qanunlar sistemi mövcuddur. 1950-ci ildə qəbul edilən Harari qərarından sonra konstitusiyanın ayrı-ayrı bölmələrinin mərhələli şəkildə qəbul olunması nəzərdə tutulub.

San-Marinonun konstitusion quruluşu 1600-cü ildə qəbul edilmiş statutlar və sonrakı hüquqi sənədlər əsasında formalaşıb. Ölkədə 1974-cü ildə vətəndaş hüquqları və dövlət quruluşunun əsas prinsiplərini müəyyən edən bəyannamə də qəbul edilib.

Səudiyyə Ərəbistanında isə dövlətin əsas hüquqi prinsipləri Quran və Sünnəyə əsaslanır. 1992-ci ildə qəbul edilən Əsas İdarəetmə Qanunu ölkənin idarəçilik sistemini müəyyən edir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR