ABŞ Rusiyadan Avropa ilə təhlükəsizlik sazişinə dair yeni təklif hazırlamasını istəyib.
Bubarədə "Axios” məlumat yayıb. Nəşrin məlumatına görə, Vaşinqton sənəddə Rusiyanın təhlükəsizliklə bağlı tələbləri ilə yanaşı, Moskvanın Avropa ilə gərginliyi azaltmaq üçün atacağı qarşılıqlı addımların da əksini tapmasını təklif edib. Mümkün şərtlər arasında NATO-nun genişlənməsinə və alyansın Şərqi Avropadakı hərbi mövcudluğuna məhdudiyyətlər də yer alır.
Təşəbbüsün ABŞ nümayəndələrinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündə müzakirəsi planlaşdırılır. Vaşinqton həmçinin Ukrayna üzrə danışıqların növbəti mərhələsində Avropa ölkələrinin iştirakına nail olmaq istəyir.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, prezident Trampın Avropa ilə bağlı Rusiyadan tələb irəli sürməsi bir qədər qeyri-səmimi addımdır:
"Çünki hazırda nə ABŞ-nin, nə də onun prezidentinin Avropanın təhlükəsizliyi və gələcək taleyi ilə, demək olar ki, maraqlandığını görürük. Bir tərəfdən Prezident Tramp faktiki olaraq Ukraynanı Rusiyaya hədiyyə etməyə çalışır. Rəsmi Kiyevə təzyiq göstərir ki, Ukraynanın işğal olunmuş əraziləri Rusiyanın əraziləri kimi tanınsın, yəni Rusiyaya ərazi güzəştləri edilsin. Digər tərəfdən isə Avropanın təhlükəsizliyi ilə bağlı müəyyən təkliflər irəli sürür. Təbii ki, bütün bunlar manipulyativ manevrlərdir. Çünki heç kimə sirr deyil ki, Avropanın gələcək taleyini və təhlükəsizliyini təhdid edən addımlar məhz Tramp administrasiyası tərəfindən atılıb. Bu, ABŞ-nin Avropa üzərindəki təhlükəsizlik çətirinin geri çəkilməsi ilə bağlıdır. Hazırda Avropa ölkələri Rusiyadan gələ biləcək real hərbi təhdidlərə qarşı ciddi hazırlıq prosesi aparırlar. Təbii ki, Avropa ölkələrini ən çox narahat edən məsələ də məhz təhlükəsizlikdir”.
Analitik qeyd edib ki, Rusiya, Ukrayna və ABŞ arasında keçirilən danışıqlarda Avropa ölkələri bu prosesə cəlb olunmadılar:
"İndi isə Ağ Ev anlayır ki, avropalılar bundan narazıdırlar və eyni zamanda qitənin, yəni Qoca Avropanın təhlükəsizlik problemlərindən narahatdırlar. Ona görə də Ağ Ev bir oyun oynayır. Ukraynaya dəstəyin geri çəkilməsi, yəni Avropa ölkələrinin Ukraynanı dəstəkləməməsi müqabilində Rusiyadan Avropa üçün təhlükəsizlik təminatı almağa çalışır. Bununla da Ukraynanın tamamilə Rusiyaya təslim edilməsinə cəhd göstərilir. Yəni bu, çox manipulyativ bir manevrdir. Eyni zamanda Ağ Ev Avropa ölkələrinin danışıqlar prosesindən kənarda saxlanılmasına görə yaranan narazılığı da zəiflətməyə çalışır.
Bu, sadəcə, bir oyundur. Hər kəs anlayır ki, Tramp administrasiyasının, o cümlədən şəxsən Prezident Trampın davranışları mövcud reallıqlarla o qədər də uzlaşmır. İndiki şəraitdə Trampın planlarına, ssenarilərinə və atdığı addımlara kiminsə etimad göstərəcəyi də o qədər inandırıcı görünmür”.
Aynur Babazadə











































