40 mindən çox insan doğma yurda qayıdıb – Böyük Qayıdışda yeni mərhələ

40 mindən çox insan doğma yurda qayıdıb – Böyük Qayıdışda yeni mərhələ
MEDIA
13:45 03.11.2026
206
İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesi ölkəmizin qarşısında duran əsas prioritetlərdən biri olaraq davam edir. Uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin öz torpaqlarına qayıtması ilə yanaşı, həmin ərazilərdə yeni həyatın qurulması istiqamətində də genişmiqyaslı işlər görülür. Yaşayış evlərinin tikintisi, infrastrukturun bərpası, məktəb və tibb müəssisələrinin istifadəyə verilməsi bu prosesin əsas istiqamətlərindəndir. Bununla belə, Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına köçürülməsi ilə məhdudlaşmır. Əsas məqsədlərdən biri də qayıdan sakinlərin orada rahat yaşaması, işləməsi və sosial həyata inteqrasiyası üçün dayanıqlı şərait yaratmaqdır.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərlə bağlı çıxışlarında bir xətt ardıcıl olaraq izlənilir: 

"Zəfər tarixi hadisə kimi başa çatıb, onun davamı isə quruculuq, məskunlaşma və dövlət suverenliyinin bütün ərazidə tam bərqərar olmasıdır. Dövlət başçısı oktyabrın ortasında "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" mövzusunda keçirilən beynəlxalq sərgidə çıxış edərkən bu prosesin bugünkü nəticəsini konkret rəqəmlə ifadə etdi. Prezidentin sözlərinə görə, azad edilmiş ərazilərdə hazırda 100 minə yaxın insan yaşayır. Bu fakt Böyük Qayıdış Proqramının kağız üzərindəki plandan real həyata keçdiyini göstərir.


Rəsmi statistika da bu mənzərəni təsdiqləyir. Oktyabrın 23-nə olan məlumata əsasən, bərpa edilmiş yaşayış məntəqələrinə 10114 ailənin, ümumilikdə 40922 nəfərin qayıdışı təmin olunub. Bu göstərici altı il əvvəl, 2020-ci ilin payızında, ərazilərin böyük hissəsi hələ minalarla örtülü, şəhərlər xarabalıq halında olanda təsəvvür edilə bilməzdi. Bu gün isə köç karvanlarının yola salınması ölkənin gündəlik xəbər axınının adi hissəsinə çevrilib. Həftəbəhəftə yeni ailələr Ağdama, Cəbrayıla, Füzuliyə, Laçına, Kəlbəcərə, Xocavəndə, Xankəndiyə qayıdır.
Zəfər Gününün altıncı ildönümü ərəfəsində Böyük Qayıdışın təhlili xüsusi əhəmiyyət daşıyır. Bu il prosesin ilk mərhələsini əhatə edən Dövlət Proqramı yekunlaşır və növbəti dövrün hədəfləri müəyyənləşir. Bu, aparılan işlərə nəzər salmaq, nəticələri qiymətləndirmək və qarşıdakı vəzifələri aydınlaşdırmaq üçün uyğun məqamdır”.

Politoloq əlavə edib ki, Böyük Qayıdışı yalnız tikinti və köçürmə tədbirləri kimi təqdim etmək onun mahiyyətini daraldar:

"Bu proses Azərbaycan dövlətçiliyinin ən mühüm strateji layihələrindən biridir. Otuz ilə yaxın müddətdə ölkə ərazisinin təxminən beşdə biri işğal altında qalıb, bir milyona yaxın soydaşımız məcburi köçkün və qaçqın vəziyyətinə düşüb. Bu, yalnız humanitar fəlakət sayılmırdı, dövlətin suverenliyinə, ərazi bütövlüyünə, milli təhlükəsizliyinə qarşı yönələn birbaşa təhdid idi. Böyük Qayıdış həmin təhdidin nəticələrinin aradan qaldırılması, pozulmuş tarixi ədalətin bərpası deməkdir. Beynəlxalq hüquq baxımından da məsələ aydındır. BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələrlə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. Bu qətnamələr iyirmi yeddi il ərzində icra olunmadı. Beynəlxalq vasitəçilik mexanizmləri prosesi dondurmaqla kifayətləndi, məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququ kağız üzərində qaldı. 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan bu qətnamələrin tələblərini öz gücü ilə yerinə yetirdi. Böyük Qayıdış həmin hüquqi tələbin həyata keçirilməsinin son mərhələsidir.

Dövlət başçısı dəfələrlə bəyan edib ki, işğaldan azad edilmiş torpaqlar ən yüksək standartlar əsasında yenidən qurulacaq. Bu yanaşmanın məntiqi sadədir: dağıdılmış şəhərləri köhnə formada bərpa etmək mümkün olsa da, yeni dövrün tələblərinə cavab verməz. Ona görə də Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, "yaşıl enerji" prinsipi, müasir şəhərsalma normaları tətbiq olunur. Bölgə ölkənin digər regionları üçün inkişaf modelinə çevrilir. Bu baxımdan Böyük Qayıdış keçmişin bərpası ilə məhdudlaşmır, gələcəyin layihələndirilməsini də əhatə edir.

Prosesin mənəvi tərəfi də az əhəmiyyətli deyil. Otuz il ərzində məcburi köçkün statusunda yaşayan insanlar üçün doğma yurda qayıdış vətəndaşlıq hüquqlarının tam bərpası deməkdir. Dövlət bu insanlara illər boyu sosial qayğı göstərib, onları mənzillə, müavinətlərlə təmin edib. Lakin heç bir sosial tədbir insanın öz torpağında yaşamaq hüququnu əvəz edə bilməzdi. Böyük Qayıdış dövlətin vətəndaşları qarşısındakı ən böyük öhdəliyinin icrasıdır. Belə miqyaslı prosesin uğuru möhkəm hüquqi və institusional bazadan asılıdır. Azərbaycan bu bazanı mərhələli şəkildə formalaşdırıb. Müharibə başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilər üzrə Koordinasiya Qərargahı yaradıldı. Qərargahın tərkibində infrastruktur, təhlükəsizlik, sosial məsələlər, mədəni irs kimi istiqamətlər üzrə işçi qruplar fəaliyyətə başladı. Bu model müxtəlif dövlət qurumlarının işini vahid mərkəzdən əlaqələndirməyə imkan verdi. Növbəti addım Prezidentin azad edilmiş ərazilərdə xüsusi nümayəndəliklərinin təsis olunması oldu. Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Zəngilan və digər istiqamətlər üzrə yaradılan bu nümayəndəliklər yerlərdə idarəetməni təmin edir, tikinti işlərinə nəzarət edir, qayıdan sakinlərin problemləri ilə məşğul olur. Bundan sonra Qarabağ Dirçəliş Fondu yaradıldı. Fond bərpa işlərinə əlavə maliyyə mənbələrinin cəlb olunmasına, ictimaiyyətin bu prosesə qatılmasına xidmət edir”.

Müsahibimiz əlavə edib ki, Böyük Qayıdışın ilk praktik sınağı müharibədən əvvəl həyata keçirilib:

"Prezident 2017-ci ildə Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi haqqında sərəncam imzalayıb və bu kənd Böyük Qayıdışın ilk ünvanı olub. Aprel döyüşlərində azad edilən kiçik kənddə görülən işlər sonrakı dövr üçün təcrübə rolunu oynadı. Məskunlaşmanın təşkili, sosial obyektlərin tikilməsi, sakinlərin təhlükəsizliyinin təmin olunması məhz orada sınaqdan keçirildi. Prosesin əsas strateji sənədi 2022-ci ildə qəbul edildi. Həmin il noyabrın 16-da Prezident işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramını təsdiqləyib. Proqramda məskunlaşmanın mərhələləri, infrastrukturun bərpası, iqtisadi fəallığın təşviqi, sosial xidmətlərin təşkili, mədəni irsin qorunması kimi istiqamətlər müəyyənləşdirildi. Sənəd 2026-cı ilin sonuna qədər olan dövrü əhatə edir.

Bu il proqramın icrası başa çatır və dövlət növbəti mərhələyə hazırlaşır. Deputat Vüqar Bayramovun parlamentdə verdiyi məlumata görə, 2027-2030-cu illəri əhatə edəcək növbəti proqram azad edilmiş ərazilərdə məskunlaşmanın davam etdirilməsini nəzərdə tutur. II Dövlət Proqramının layihəsi sentyabrda Prezidentə təqdim olunub. 2027-ci ildən etibarən keçmiş məcburi köçkünlərin kütləvi şəkildə köçürülməsi planlaşdırılır. Bu, prosesin daha geniş miqyas alacağı anlamına gəlir.

Böyük Qayıdışın maliyyə təminatı onun ən diqqətçəkən cəhətlərindən biridir. Son altı il ərzində azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri üçün dövlət büdcəsindən 26 milyard manat ayrılıb. Bu vəsait ölkənin öz daxili imkanları hesabına təmin olunub. Azərbaycan bu işdə xarici borclanmaya, donor yardımına əsaslanmayıb. Müharibədən sonra bərpa prosesini öz gəlirləri ilə maliyyələşdirən dövlətlərin sayı dünyada azdır. Maliyyə müstəqilliyinin siyasi mənası da var. Xarici kreditlər və donor yardımları adətən müəyyən şərtlərlə verilir və bərpa prosesində qərar qəbuletmə imkanlarını məhdudlaşdırır. Azərbaycanın öz büdcəsi hesabına hərəkət etməsi bölgənin inkişaf istiqamətlərini müstəqil şəkildə müəyyənləşdirməyə imkan verir. Hansı şəhərin hansı baş plan əsasında qurulacağı, hansı layihənin üstünlük təşkil edəcəyi, hansı şirkətlərin işlərə cəlb olunacağı kimi məsələlər yalnız milli maraqlar əsasında həll edilir. Prosesin icrasına dövlət başçısının şəxsi nəzarəti də xüsusi qeyd olunmalıdır. Vüqar Bayramovun sözlərinə görə, Prezident İlham Əliyev son altı ildə azad edilmiş ərazilərə 600 dəfədən artıq səfər edib. Bu səfərlər təməlqoyma və açılış mərasimlərini, tikinti obyektlərinin yoxlanılmasını, sakinlərlə görüşləri əhatə edir. Dövlət başçısının bölgədəki işlərlə bu qədər yaxından maraqlanması layihələrin keyfiyyətinə və icra müddətlərinə birbaşa təsir göstərir. Böyük Qayıdışın qarşısında duran ən ağır maneə mina problemidir. İşğal illərində Ermənistan silahlı qüvvələri azad olunmuş ərazilərin böyük hissəsini minalayıb. Minalar yalnız keçmiş cəbhə xəttində yox, yaşayış məntəqələrində, kənd təsərrüfatı sahələrində, yolların kənarında, meşələrdə basdırılıb. Azərbaycan ərazisi bu göstəriciyə görə dünyanın ən çox minalanmış əraziləri sırasına daxildir.

Azərbaycan tərəfi dəfələrlə Ermənistandan dəqiq mina xəritələrinin təqdim olunmasını tələb edib. Təqdim olunan xəritələrin dəqiqlik səviyyəsi aşağı olub, bu da minatəmizləmə işlərini çətinləşdirib. ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və cəlb olunmuş şirkətlər ərazilərin təmizlənməsini gündəlik olaraq davam etdirir. İşin həcmi barədə təsəvvür yaratmaq üçün bir rəqəm kifayətdir: təkcə ötən ay azad edilmiş ərazilərdə 3070 partlamamış hərbi sursat aşkarlanıb”.

Əziz Əlibəyli əlavə edib ki, müharibədən sonrakı dövrdə minaların qurbanı olan yüzlərlə insan var:

"Onların arasında hərbçilər, mülki şəxslər, inşaatçılar, jurnalistlər var. Bu faktlar beynəlxalq ictimaiyyətin diqqətinə mütəmadi olaraq çatdırılır. Azərbaycan minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığa açıqdır və bu istiqamətdə bir sıra ölkə və təşkilatla birgə layihələr həyata keçirilir. Lakin işin əsas yükü milli qurumların üzərinə düşür. Minatəmizləmə Böyük Qayıdışın tempini müəyyən edən əsas amildir. Yol çəkilməsi, yaşayış massivlərinin salınması, kommunikasiya xətlərinin çəkilməsi, kənd təsərrüfatı torpaqlarının istifadəyə verilməsi yalnız ərazilər təmizləndikdən sonra mümkün olur. Ona görə də qayıdış prosesinin sürətini qiymətləndirəndə bu amili nəzərə almamaq düzgün olmaz. Dünya təcrübəsi göstərir ki, belə ərazilərin tam təmizlənməsi onilliklər tələb edir. Azərbaycan bu işi bərpa və məskunlaşma ilə paralel aparır.

Bərpa işlərinin ilkin mərhələsində enerji sistemi prioritet kimi müəyyənləşdirildi. 2021-ci ildə Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" zonası elan olundu. Bu qərar bölgənin təbii imkanlarına əsaslanır. Ərazidəki çaylar su elektrik stansiyaları, yüksək dağlıq zonalar külək enerjisi, günəşli günlərin çoxluğu isə günəş enerjisi üçün əlverişli şərait yaradır. Tərtərçay, Həkəri, Bərgüşad və Oxçuçay hövzələrində kiçik və orta su elektrik stansiyaları inşa olunub.
Görülən işlərin nəticəsi bölgənin enerji təminatında aydın görünür. Qarabağ və Şərqi Zəngəzur tam dairəvi elektrik sistemi ilə əhatə olunub, yeni su elektrik stansiyaları ölkənin ümumi enerji sisteminə qoşulub. Dairəvi sistem xətlərin birində nasazlıq yarananda enerjinin alternativ istiqamətdən verilməsinə imkan yaradır. Dağlıq ərazilər üçün bu, təchizatın fasiləsizliyinə zəmanət deməkdir. Prezident İlham Əliyev çıxışlarında bu məsələyə ayrıca diqqət çəkib. Dövlət başçısının qeyd etdiyi kimi, bölgədə istehsal olunan enerji yerli tələbatdan çox olduğu üçün digər rayonlara ötürülür. Bu fakt enerji infrastrukturunun gələcək əhali artımı nəzərə alınmaqla qurulduğunu göstərir. Hazırda Cəbrayılda beynəlxalq tərəfdaşlarla birgə böyük günəş elektrik stansiyası layihəsi icra olunur, Laçın və Kəlbəcərin yüksək dağlıq zonalarında külək potensialı öyrənilir. Bu layihələr reallaşdıqca bölgə enerji ixrac edən əraziyə çevriləcək.

Nəqliyyat infrastrukturu Böyük Qayıdışın ikinci əsas istiqamətidir. İşğal illərində bölgədəki yolların demək olar ki, hamısı dağıdılıb, körpülər uçurulub. Hazırda Qarabağ və Şərqi Zəngəzurda müasir avtomobil yolları şəbəkəsi formalaşır. Füzuli ilə Şuşa arasında çəkilən Zəfər yolu bu şəbəkənin rəmzi hissəsidir. Yol Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Şuşaya doğru hərəkət etdiyi istiqaməti izləyir. Ağdam, Xankəndi və Şuşa arasındakı yol mühəndis həlləri baxımından diqqət çəkir. Bu marşrut üzrə yeddi tunel inşa edilib. Kəlbəcərə gedən yolun ən mürəkkəb hissəsi Murov aşırımı idi. Qış aylarında qar uçqunları bu yolu uzun müddət bağlayırdı. Murov dağının altından keçən 11,7 kilometrlik tunel dünya səviyyəsində mühüm mühəndis layihəsi kimi qiymətləndirilir. Tunel Kəlbəcərlə əlaqəni il boyu təmin edir.

Dəmir yolu xətlərinin bərpası da davam edir. Xətt Ağdama qədər çatdırılıb, Xankəndi istiqamətində isə təməlqoyma mərasimi keçirilib. Horadiz və Ağbənd arasında çəkilən dəmir yolu Zəngəzur dəhlizinin tərkib hissəsidir. Bu xətt ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə, oradan isə Türkiyə ilə birləşdirəcək. Sovet dövründə Bakı ilə Naxçıvan arasındakı dəmir yolu Mehri üzərindən keçirdi və bu əlaqə otuz ildən artıq kəsilmiş vəziyyətdə qaldı.
Hava nəqliyyatı sahəsində də nəticələr göz qabağındadır. Füzuli Beynəlxalq Hava Limanı rekord qısa müddətdə tikilərək istifadəyə verildi. Ardınca Zəngilan Beynəlxalq Hava Limanı fəaliyyətə başladı. Laçında inşa edilən hava limanı ilə bölgədə üç hava qapısı formalaşıb. Bundan başqa, Xankəndi ilə Şuşa arasında kanat yolunun çəkilməsi planlaşdırılır. Bu layihə şəhərlərarası gediş-gəlişi asanlaşdıracaq və turizm potensialını artıracaq.

Nəqliyyat şəbəkəsinin formalaşması bölgənin vahid iqtisadi məkana çevrilməsinə şərait yaradır. Yaşayış məntəqələri rayon mərkəzləri ilə, rayon mərkəzləri paytaxtla etibarlı əlaqə qazanır. Bu, məskunlaşan əhalinin məşğulluğu, təhsili, tibbi xidmətə çıxışı üçün həlledici şərtdir. Eyni şəkildə istehsal olunan məhsulların bazarlara çatdırılması da nəqliyyat infrastrukturundan asılıdır. Böyük Qayıdışın əsas ölçüsü məskunlaşmanın miqyasıdır. Baş nazirin verdiyi məlumata görə, azad edilmiş ərazilərdə 47 yaşayış məntəqəsinə, o cümlədən 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Bu siyahı mütəmadi olaraq genişlənir. Hər ay yeni məntəqələr köç xəritəsinə daxil olur”.

Ekspertin sözlərinə görə, məskunlaşmanın coğrafiyasında Ağdam xüsusi yer tutur:

"İşğal illərində tam dağıdılan şəhər yeni baş plan əsasında qurulur. Rəsmi məlumata görə, sentyabrın 1-dək Ağdam şəhərinə 931 ailə, yəni 3363 nəfər köçürülüb. Rayonlar üzrə müqayisədə də Ağdam öndədir. Ağdama 8300, Cəbrayıla isə 7112 nəfər köçüb və bu iki rayon məskunlaşma göstəricilərinə görə ön sıralarda qərarlaşıb.

Cəbrayılın Şükürbəyli kəndi mərhələli məskunlaşmanın nümunəsidir. Kəndə köç bir neçə mərhələdə aparılır. Burada ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin məskunlaşdırılması planlaşdırılır. Zəngilanın Ağalı kəndi isə Böyük Qayıdışın ilk "ağıllı kənd" layihəsi kimi tarixə düşüb. Kənddə enerji təminatı günəş panelləri ilə, suvarma müasir sistemlərlə həyata keçirilir, sosial obyektlər rəqəmsal texnologiyalarla təchiz olunub. Tərtər rayonunda da məskunlaşma davam edir. Suqovuşan kəndinə 180 ailə, ümumilikdə 591 nəfər köçürülüb. Talış kəndində ilkin mərhələdə 20 ev bərpa olunub və 90 nəfərin qayıdışı təmin edilib. Talış adı 2016-cı ilin aprel döyüşlərindən cəmiyyətə yaxşı tanışdır. Bu gün kənddə məktəb, uşaq bağçası, inzibati bina fəaliyyət göstərir. 2023-cü ildə suverenliyin tam bərpasından sonra Xankəndi, Xocalı, Xocavənd və Ağdərə istiqamətlərində də məskunlaşma başlayıb. Oktyabrın 23-də Xocavənd və Ağdərə rayonlarının beş yaşayış məntəqəsinə daha 42 ailə, ümumilikdə 163 nəfər yola salınıb. Bu ərazilərdə qayıdış prosesinin sürətlənməsi antiterror tədbirlərinin nəticələrinin praktik təzahürüdür. Yaşayış evlərinin tikintisi ilə paralel olaraq sosial infrastruktur da formalaşdırılır. Təhsil bu istiqamətdə prioritet sahədir. Suqovuşanda 144 şagird yerlik tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib, Talışda isə 78 şagird yerlik məktəb və uşaq bağçası bərpa edilib. Ağdamda, Füzulidə, Laçında, Kəlbəcərdə, Zəngilanda yeni məktəb binaları inşa olunub. Ali təhsil sahəsində ən mühüm addım Xankəndidə Qarabağ Universitetinin yaradılmasıdır. Ötən ilin yayında universitetdə 1500 tələbənin təhsil aldığı və 300 müəllimin çalışdığı bildirilirdi. Uzun illər separatçı rejimin mərkəzi olmuş şəhərdə Azərbaycan universitetinin fəaliyyəti siyasi və mədəni baxımdan böyük məna daşıyır. Universitet bölgənin kadr potensialının formalaşmasına, elmi araşdırmaların aparılmasına xidmət edir. Səhiyyə sahəsində rayon mərkəzlərində müasir xəstəxanalar, kəndlərdə tibb məntəqələri istifadəyə verilib. Qayıdan əhalinin xeyli hissəsini yaşlı insanlar təşkil edir və onlar üçün tibbi xidmətin yaxınlığı həlledici amildir. Şuşa, Ağdam və Füzulidə fəaliyyət göstərən xəstəxanalar bölgənin əsas tibb mərkəzlərinə çevrilib.

Mədəni həyatın bərpası da Böyük Qayıdışın ayrılmaz hissəsidir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub, 2023-cü ildə isə Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyıb. Xarı bülbül musiqi festivalı və Vaqif Poeziya Günləri şəhərdə yenidən keçirilir. Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın işğal dövründə güllələnmiş büstləri Şuşaya qaytarılıb. Yuxarı Gövhər ağa məscidi, Ağdamın Cümə məscidi bərpa edilib. Bölgədəki qədim alban məbədləri də dövlət tərəfindən qorunur və öyrənilir.

Qayıdan əhalinin daimi məskunlaşması üçün iqtisadi həyatın canlanması zəruridir. Bu məqsədlə Ağdam Sənaye Parkı və Cəbrayılda Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı yaradılıb. Rezidentlərə vergi və gömrük güzəştləri tətbiq olunur. Kənd təsərrüfatı sahəsində minalardan təmizlənmiş torpaqlarda əkinçilik, bağçılıq, üzümçülük bərpa edilir. Turizm sektoru isə Şuşa, Kəlbəcər və Laçının təbii imkanları hesabına gələcəkdə əhəmiyyətli gəlir mənbəyinə çevrilə bilər.

Bu sahədə həll olunmalı məsələlər də var və onları açıq müzakirə etmək prosesin sağlam inkişafı üçün faydalıdır. Cəmiyyətdə qayıdışın sürəti, yaşayış məntəqələrində iş yerlərinin kifayət qədər olub-olmaması barədə müxtəlif fikirlər səslənir. Rəsmi göstəricilərin şərhində də dəqiqlik vacibdir. Azad edilmiş ərazilərdə yaşayan 93 minlik göstəriciyə həmin ərazilərdə işləyən və təhsil alan şəxslər də daxildir. Rəsmi məlumata görə, həmin ərazilərdə yaşayanların 41213 nəfəri daimi olaraq doğma torpağına qayıdan keçmiş məcburi köçkünlərdir. İkinci Dövlət Proqramında məşğulluğun, sahibkarlığın təşviqinə daha geniş yer ayrılması bu ehtiyacın nəzərə alındığını göstərir.

Böyük Qayıdışın ictimaiyyətə və beynəlxalq auditoriyaya çatdırılmasında media mühüm vəzifə daşıyır. Hər köç mərhələsi, hər açılış mərasimi, hər yeni layihə barədə məlumat milli informasiya agentlikləri, televiziya kanalları və internet resursları vasitəsilə geniş auditoriyaya çatır. Qarabağda fəaliyyət göstərən regional bürolar prosesin gündəlik salnaməsini yaradır.

Azərbaycan jurnalistləri bu yolda ağır itkilər də verib. 2021-ci ilin iyununda Kəlbəcər rayonunun Susuzluq kəndində mina partlayışı nəticəsində AzTV-nin operatoru Siraj Abışov və AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov həlak olub. Bu faciə azad edilmiş ərazilərdə işin nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Həmin jurnalistlərin xatirəsi Azərbaycan mediasının peşə yaddaşının bir hissəsinə çevrilib.

Media informasiya mübarizəsi cəbhəsində də fəaliyyət göstərir. Bəzi xarici dairələr bölgədə gedən prosesləri təhrif edən materiallar yayır. Azərbaycan mediası bu cəhdlərə faktlar, sənədlər, görüntülərlə cavab verir. Xarici jurnalistlərin bölgəyə səfərləri təşkil edilir, onlar gördüklərini öz auditoriyalarına müstəqil şəkildə çatdırırlar. Şuşa Qlobal Media Forumu bu istiqamətdə beynəlxalq dialoq platformasına çevrilib. Peşəkar media prosesin uğurları ilə birlikdə mövcud problemləri də işıqlandırmalıdır, çünki bu, dövlət orqanlarına vaxtında reaksiya vermək imkanı yaradır.

Böyük Qayıdışın beynəlxalq konteksti regional sülh gündəliyi ilə sıx bağlıdır. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan "Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" Sazişin razılaşdırılmış mətnini paraflayıblar. Lakin sənədin imzalanması hələ baş tutmayıb”.

Politoloq onu da vurğulayıb ki, Azərbaycan imzalanma üçün zəruri siyasi və hüquqi addımların Ermənistan tərəfindən atılmasını gözləyir:

"Bu addımların əsasını Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması təşkil edir. Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, həmin iddialar konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür, bölgədə isə artıq faktiki sülh vəziyyəti mövcuddur. Faktiki sülh şəraiti sərhədyanı ərazilərdə məskunlaşan əhali üçün təhlükəsizlik zəmanəti rolunu oynayır. Kəlbəcər, Laçın, Zəngilan kimi rayonlarda qayıdış prosesinin sürəti bu amillə bağlıdır. Bərpa işlərinə beynəlxalq maraq da artır. Oktyabrda keçirilən "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" mövzusunda altıncı beynəlxalq sərgi müxtəlif ölkələrin şirkətlərini bir araya gətirdi. Türkiyə, İtaliya, Macarıstan, Böyük Britaniya, Mərkəzi Asiya ölkələrinin şirkətləri bölgədə layihələrdə iştirak edir. Xarici dövlətlərin nümayəndə heyətlərinin Şuşaya, Ağdama, Füzuliyə səfərləri həqiqətin dünya ictimaiyyətinə çatdırılmasının effektiv vasitəsidir. Zəngəzur dəhlizinin reallaşması isə Qarabağı Avropa ilə Asiya arasındakı tranzit marşrutlarının mühüm nöqtəsinə çevirəcək.

Aparılan təhlil göstərir ki, Böyük Qayıdış Azərbaycan dövlətinin ardıcıl, planlı və öz resurslarına əsaslanan siyasətinin nəticəsidir. Hüquqi baza formalaşdırılıb, institusional mexanizmlər işləyir, maliyyə təminatı dövlət büdcəsi hesabına həyata keçirilir. Enerji və nəqliyyat infrastrukturu bölgəni ölkənin vahid iqtisadi sisteminə inteqrasiya edib. Onlarla yaşayış məntəqəsində həyat bərpa olunub, məktəblər, xəstəxanalar, universitet fəaliyyət göstərir.
Qarşıda yeni mərhələ dayanır. İkinci Dövlət Proqramı çərçivəsində məskunlaşmanın miqyası genişlənəcək, iqtisadi fəallığın artırılmasına daha çox diqqət yetiriləcək. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Qarabağ və Şərqi Zəngəzur ölkənin ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Bu hədəfə çatmaq üçün dövlət iradəsi, xalqın dəstəyi və aydın strategiya mövcuddur.

Səkkiz Noyabr Zəfər Günü bu il Böyük Qayıdışın ilk mərhələsinin yekunlaşdığı dövrə təsadüf edir. Döyüş meydanında qazanılan qələbə bu gün quruculuq meydanında davam edir. Azərbaycan öz torpağında suverenliyini bərpa etdi və indi həmin torpaqda yeni həyat qurur. Qayıdış davam edir və qarşıdakı illərdə yüz minlərlə soydaşımız doğma yurduna qovuşacaq”!
 
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
 
Aynur Babazadə 

 

 


OXŞAR XƏBƏRLƏR